Bakı. Trend:
“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları” təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Sənədə əsasən, bu Qaydalar Xüsusi İcra Məmurlarının Reyestrinə (bundan sonra – Reyestr) daxil edilən məlumatların aparılması qaydasını müəyyən edir.
Bu Qaydaların məqsədi xüsusi icra məmurlarının siyahısının müəyyən edilməsinin və onlar barədə məlumatların əldə olunmasının təmin edilməsidir.
Fərdi məlumatların Reyestrdə toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Reyestr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən formalaşdırılan, aparılan, idarə olunan məlumat bazasıdır.
Reyestrdə xüsusi icra məmuru barədə aşağıdakı məlumatlar əks etdirilir:
- xüsusi icra məmurunun soyadı, adı, atasının adı;
- xüsusi icra məmurunun doğum tarixi (gün, ay, il), fotoşəkli;
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
- bank hesab nömrələri;
- ofisinin ünvanı;
- əlaqə üçün məlumatlar (telefon nömrəsi, elektron poçt ünvanı);
- şəhadətnamənin və xidməti vəsiqənin verildiyi tarix və nömrəsi;
- peşə məsuliyyətinin sığorta müqaviləsinin rekvizitləri, müddəti və sığortaçı barədə məlumatlar;
- fəaliyyəti dayandırıldığı hallarda, bu barədə məlumat (fəaliyyətin nə vaxt və kim tərəfindən dayandırılması);
- şəhadətnamənin ləğv edildiyi hallarda, bu barədə məlumat (şəhadətnamənin ləğv edildiyi tarix və əsası);
- intizam məsuliyyətinə cəlb edildiyi hallarda, bu barədə məlumat (intizam tənbehinin növü, nə vaxt və kim tərəfindən verilməsi);
- köməkçisinin (olduğu halda) soyadı, adı, atasının adı;
- xüsusi icra məmurunun Reyestrə daxil edildiyi tarix və reyestr nömrəsi.
