Bakı. Trend:
ABŞ-nin Prezidenti Donald Tramp bu ilin yay aylarında Ağ Evdə təşkil olunacaq Mütləq Döyüşçü Çempionatının (UFC) hazırlıqları ilə bağlı bəzi təfərrüatları açıqlayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Biz həqiqətən inanılmaz bir tədbir təşkil etməyi planlaşdırırıq. Bu, ABŞ-nin 250 illiyi ilə bağlı olacaq. Bildiyiniz kimi, UFC Ağ Evə gəlir. Onlar sözün əsl mənasında stadion inşa edirlər. 100 mindən çox tamaşaçımız olacaq”, – deyə Tramp bildirib.
Xatırladaq ki, Tramp iyulun 4-də Ayova ştatında keçirilən mitinqdə Ağ Evdə UFC çempionluq döyüşünün baş tutacağını elan etmişdi. Bu mötəbər idman turnirinin 2026-cı ildə ABŞ-da qeyd olunacaq İstiqlal Bəyannaməsinin imzalanmasının 250 illiyinə həsr olunan America 250 adlı geniş yubiley proqramına daxil edilməsi nəzərdə tutulur.
