Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp hakimiyyətdə olduğu bir il ərzində ölkə iqtisadiyyatına təxminən 18 trilyon dollar investisiya cəlb etdiyini bildirib. Onun sözlərinə görə, bu göstərici sələfi Co Baydenin nəticələrini 18 dəfədən çox üstələyir.
Trend-in məlumatına görə, Amerika lideri bu fikirləri “The Wall Street Journal” qəzeti üçün yazdığı məqalədə ifadə edib.
Tramp qeyd edib ki, gömrük rüsumlarından səmərəli istifadə etməklə ABŞ-yə misli görünməmiş həcmdə investisiya axınına nail olub. Onun sözlərinə görə, Co Baydenin öz hesablamalarına əsasən, dörd il ərzində Birləşmiş Ştatlara 1 trilyon dollardan az yeni investisiya cəlb olunub, halbuki Tramp administrasiyası bir ildən də az müddətdə 18 trilyon dollardan çox investisiya öhdəliyinin götürülməsinə nail olub.
ABŞ prezidenti həmçinin vurğulayıb ki, Çin mallarının ABŞ idxalındakı payı 2001-ci ildən bəri ən aşağı səviyyəyə enib. Tramp bildirib ki, Çinin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına daxil olmasından bu yana ilk dəfə olaraq ABŞ idxalındakı payı bu qədər azalıb və nəticədə ölkəyə yüz milyardlarla dollar vəsait daxil olur.
