...

Bu il növbəti ürək transplantasiyası icra ediləcək? - Açıqlama

Cəmiyyət Materials 31 Yanvar 2026 12:48 (UTC +04:00)
Bu il növbəti ürək transplantasiyası icra ediləcək? - Açıqlama
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Canlı donor orqanlarından transplantasiya Azərbaycanda əvvəllər də həyata keçirilirdi. Lakin ürək kimi tək və həyati vacib orqanların transplantasiyası yalnız beyin ölümü baş vermiş donorlardan, yəni meyit (kadvavra) donorlarından mümkün olur.

Trend xəbər verir ki, bu fikirləri bu gün “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” elmi-praktiki dəyirmi masa çərçivəsində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu proses özlüyündə olduqca mürəkkəb və çoxşaxəlidir. Burada ilk növbədə möhkəm qanunvericilik bazası, sosial və psixoloji amillər mühüm rol oynayır.

“Bütün bu mərhələlər tamamlandıqdan sonra tibbi və cərrahi proseslər başlayır. Azərbaycan dövləti uzun illərdir ki, bu istiqamətdə sistemli şəkildə çalışır. Milli Məclis, Səhiyyə Nazirliyi və digər müvafiq dövlət qurumları bu sahədə ciddi fəaliyyət göstəriblər. Əlbəttə ki, bu böyük uğur Prezident İlham Əliyevin səhiyyə strategiyasını uğurla həyata keçirməsinin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Məhz bu siyasətin nəticəsi olaraq, 2025-ci ildə azərbaycanlı cərrahlar tərəfindən ürək transplantasiyası əməliyyatları uğurla icra olundu”, - professor deyib.

O vurğulayıb ki, bu əməliyyatlar davamlı şəkildə planlaşdırılır.

“Mərkəzi Klinikada uzun illərdir bu əməliyyatların icrası üçün hazırlıq aparılırdı və artıq bu proses proqram şəklində həyata keçirilir. Bu, birdəfəlik deyil, davamlı proqram olacaq. Hazırda Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi vasitəsilə transplantasiyaya ehtiyacı olan xəstələr rəsmi qeydiyyata alınır və gözləmə siyahısında olan xəstələrimiz var. Lakin bu əməliyyatların həyata keçirilməsi üçün ən vacib şərt donorların olmasıdır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti