Bakı. Trend:
31 yanvardan etibarən (Bakı vaxtı ilə 09:00-dan) ABŞ-də maliyyələşmənin olmaması səbəbindən federal hökumət fəaliyyətini qismən dayandırıb. Birləşmiş Ştatlarda Konqresdə Demokratlarla Respublikaçılar federal büdcə ətrafında razılığa gələ bilməyəndə - şatdaun adlandırılan bu hadisə ara-sıra baş verir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yanvarın 30-da Senat (ABŞ Konqresinin yuxarı palatası) maliyyə ilinin sonunadək – ölkədə sentyabrın 30-da başa çatan dövr üçün – əksər federal qurumların, o cümlədən Pentaqonun, Dövlət Departamentinin, Maliyyə, Əmək, Səhiyyə nazirliklərinin və bir sıra digər qurumların fəaliyyətinin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihələri paketini təsdiqləyib.
Lakin sənədlər paketindən Demokratlar Partiyasının nümayəndələrinin tələbi ilə Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) maliyyələşdirilməsinin çıxarılması ilə əlaqədar olaraq, Senat tərəfindən qəbul edilən qanun layihələri ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən də təsdiqlənməlidir. Bundan sonra sənədlər ölkə prezidenti Donald Trampa imza üçün təqdim olunacaq.
Konqresin aşağı palatası isə fevralın 2-də işə qayıdacaq. Beləliklə, əgər həmin gün maliyyələşdirmə ilə bağlı qanun layihələri qəbul olunsa və Tramp onları eyni gün imzalasa, şatdaunun aradan qaldırılması artıq fevralın 2-də mümkün olacaq. Bunun üçün daha çox vaxt tələb olunması ehtimalı da istisna edilmir.
Demokratlar Partiyasının nümayəndələri ABŞ vətəndaşının Minneapolisdə (Minnesota ştatı) sərhəd xidməti əməkdaşının açdığı atəş nəticəsində həlak olmasından sonra Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinə yenidən baxılmasını tələb ediblər. DTN-in maliyyələşdirilməsi mövcud həcmdə iki həftə müddətinə uzadılacaq, eyni zamanda Miqrasiya və Gömrük Xidməti (ICE) üzrə islahatlarla bağlı danışıqlar aparılır.
Xatırladaq ki, 2025-ci il noyabrın 12-də Donald Tramp federal hökumətin fəaliyyətinin yanvarın 30-dək maliyyələşdirilməsinin davam etdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Beləliklə, ABŞ tarixində ən uzunmüddətli şatdaun 43-cü günündə başa çatdırılıb. Hökumətin fəaliyyəti oktyabrın 1-də maliyyələşmənin olmaması səbəbindən dayandırılmışdı. Buna səbəb hakim Respublikaçı Partiya ilə müxalif Demokratlar Partiyasının Konqresdə, o cümlədən səhiyyə sahəsinə dair bəzi xərc maddələri üzrə razılığa gələ bilməməsi olub. Tərəflər bir-birini şatdaunun yaranmasına və siyasi məqsədlərlə uzadılmasına görə ittiham edirdilər.
