Bakı. Trend:
Çində məhsul geri çağırma sisteminin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində 14-cü Beşillik Plan dövründə (2021–2025) 38 milyondan artıq nəqliyyat vasitəsi geri çağırılıb.
Trend xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası (SAMR) məlumat yayıb.
Agentliyin məlumatına görə, sözügedən dövrdə nəqliyyat vasitələrinin geri çağırılması 1074 dəfə həyata keçirilib.
Hesabat dövründə, həmçinin 40,4 milyondan çox məhsul vahidini əhatə edən ümumilikdə 4190 istehlak məhsulunun geri çağırılması baş tutub.
Qeyd olunur ki, bazar tənzimləmə orqanları məhsulların keyfiyyəti və təhlükəsizliyi üzərində nəzarəti ardıcıl şəkildə gücləndirməyə davam ediblər.
