Bakı. Trend:
“Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və üzərimdə əməyi olan bütün həkimlərə təşəkkür edirəm”.
Trend xəbər verir ki, bu fikirləri "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" elmi-praktiki dəyirmi masada əməliyyatın icra edildiyi Rəşad Məmmədəliyev deyib.
O, bildirib ki, əməliyyatdan öncə hərəkət edə bilməyib, təngnəfəs olub. Hazırda isə özünü yaxşı hiss edir.
"İndi həyətə düşürəm, gəzişirəm. Əvvəl gəzəndə az qalırdı ki, yıxılam. Həkimə güvənib əməliyyata girdim. Bəzi dərmanlarım ömürlükdür, onları ömrümün sonunadək qəbul edəcəm”.
O əlavə edib ki, bu əməliyyatın ilk dəfə icra edildiyi biri kimi qürur keçirir.
“Donor ailəsinə çox təşəkkür edirəm. Əməliyyatın mənə psixoloji təsiri yoxdur. Əməliyyat uğurla icra edildi, heç bir problemim yoxdur. Hər kəs rahatlıqla donorluqdan faydalana bilər”, - deyə o əlavə edib.
