Bakı. Trend:
Niderlandın ING bank qrupu “Brent” markalı neft və “Dutch TTF” markalı təbii qazın qiymətləri üzrə 2028-ci ilə qədər olan yenilənmiş proqnozlarını dərc edib.
Trend bu barədə qrupa istinadən xəbər verir.
Analitiklərin qiymətləndirmələrinə görə, 2026-cı ildə “Brent” neftinin orta illik qiyməti bir barel üçün 57 ABŞ dolları, “Dutch TTF” təbii qazının qiyməti isə bir meqavat-saat üçün 30 avro təşkil edəcək. 2027-ci ildə isə “Brent” neftinin və “Dutch TTF” təbii qazının orta illik qiymətlərinin müvafiq olaraq bir barel üçün 62 ABŞ dollarına və bir meqavat-saat üçün 26 avroya çatacağı gözlənilir.
Xüsusilə, 2026-cı ilin birinci rübündə “Brent” neftinin qiyməti bir barel üçün 58 dollar, ikinci rübdə 56 dollar, üçüncü rübdə 58 dollar, dördüncü rübdə isə 54 dollar səviyyəsində proqnozlaşdırılır. “Dutch TTF” üzrə isə 2026-cı ilin birinci rübündə kotirovkaların bir meqavat-saat üçün 33 avro, ikinci rübdə 28 avro, üçüncü rübdə 27 avro, dördüncü rübdə isə 30 avro olacağı gözlənilir.
2027-ci ilin birinci rübündə “Brent” neftinin qiymətinin bir barel üçün 58 dollar, ikinci rübdə 60 dollar, üçüncü rübdə 66 dollar, dördüncü rübdə isə 63 dollar səviyyəsində olacağı proqnozlaşdırılır. “Dutch TTF” üzrə isə 2027-ci ilin birinci rübündə kotirovkaların bir meqavat-saat üçün 27 avro, ikinci rübdə 24 avro, üçüncü rübdə 24 avro, dördüncü rübdə isə 27 avro təşkil edəcəyi gözlənilir.
