Bakı. Trend:
İnsan mənəviyyatını təhqir edən, cəmiyyətə hörmətsizlik göstərən, əxlaqsız ifadələr səsləndirən şəxslərin cəzalandırılması tələbi əslində cəmiyyətdən gəlir.
Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Layihənin müzakirəyə çıxarıldığı son 10 gündə istər media, istərsə də geniş ictimai fikirdə ona açıq dəstək verən cəmiyyətimizin sağlam təbəqəsini görürük. Söz azadlığı və beynəlxalq reytinqlərdə yer davası aparanlar əxlaqi pozuculuqdan qazananlardır”, - deyə o vurğulayıb.
Komitə sədri bildirib ki, problem təkcə etik çərçivələrin pozulması deyil, sosial şəbəkələrin müxtəlif cinayətlərin alətinə çevrilməsidir.
“Xüsusilə “Telegram” kanalları və “TikTok” platfromasında nəzarətsiz mühitdə insan alveri, cinsi istismar və qeyri-qanuni vasitəçilik üçün geniş imkanlar yaranıb. Belə fəaliyyətlər fərdi pozucu davranış yox, təşkilatlanmış şəbəkədir. Dövlətin müdaxiləsi senzura deyil, ictimai təhlükəsizliyin qorunmasıdır. Anonimlik cinayətkarlar üçün örtük rolunu oynayır. İnsan alveri ilə bağlı elanların açıq şəkildə paylaşılması hüquqi boşluqların mövcudluğunu göstərir.
Qərb təkcə yüksək texnologiyalar, süni intellekt, ali hüquq sistemi və qabaqcıl təhsil məkanı deyil, həm də kommunikasiya platformalarını silaha çevirən qlobal gücdür. Avropada yaradılan terror mediası, mağara təfəkkürlü xainlər dəstəsi dövlət başçısı və hakimiyyət institutları əleyhinə daim qeyri-əxlaqi yayımları, kontentləri və simulyasiyaları linç alətinə çeviriblər.
Qeyri-etik davranışı müstəqillik kimi təqdim edənlər, “əxlaqsızlıq azadlıqdır” hökmü ilə milli dəyərləri yox etməyə çalışanlardır”, - deyə o fikrini tamamlayıb.
