Bakı.Trend:
1989-cu ildən “Bakı Metropoliteni”ndə tunel fəhləsi olaraq çalışmağa başlamışam. Həmin vaxtlarda həm tələbə idim, həm də Bakı metrosunda çalışırdım.
Trend xəbər verir ki, bu fikirləri “Bakı Metropoliteni”ndə tunel ustası Məftun Abbasov 20 Yanvar Hüzn Günü ilə bağlı Bakı Metropolitenində keçirilən anım tədbiri çərçivəsində deyib.
O bildirib ki, yanvarın 19-u gecə saat 12-yə qalmış atışma səsləri eşidilməyə başlayıb:
“Həmin günün ən ağıryüklü stansiyaları “20 yanvar”, “Koroğlu”, “İçərişəhər” olub. Hadisə günü 2 metropoliten işçisi həlak olub”.
M. Abbasov qeyd edib ki, atışma başlayan vaxt xüsusi ayrılmış avtobuslarla “Salyanski kazarma” adlanan ərazisiyə əhaliyə kömək üçün gediblər:
“Çatanda gördük ki, təcili yardım maşınını vurublar. Saat 23:55 radələrində “Salyanski kazarma”nın qapısı açıldı və hərbi maşınlardan əhaliyə atəş açılmağa başladı. Keçmiş “Qızıl Ordu” 20 Yanvar istiqamətinə doğru irəliləyirdi. Hadisələr baş verəndə hələ 20 yaşım tamam olmamışdı. Əhali təşviş içindəydi və onlara bildirdim ki, metro səhərə kimi işləyəcək. Bakı metrosu həmin gün sanki təcili yardım rolunu oynadı. Əgər metro səhərədək işləməsəydi, itkilərimiz dəfələrlə çox olardı”.
