...

Azərbaycanda ödəniş və rabitə sahəsində qaydalar təkmilləşdirilib

Cəmiyyət Materials 29 Yanvar 2026 15:45 (UTC +04:00)
Azərbaycanda ödəniş və rabitə sahəsində qaydalar təkmilləşdirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti bir sıra normativ-hüquqi aktlara dəyişiklik edib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” informasiya sistemi, eləcə də “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin strukturuna daxil olan “Azərbaycan Hava Yolları” QSC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və “Azərpoçt” MMC-nin tətbiq etdiyi müvafiq informasiya sistemlərinin çıxarışları ciddi hesabat blankı tələblərinə şamil edilməyəcək.

Bununla yanaşı, həmin sistemlər üzrə çıxarışların uçotu qaydalarının müəyyən edilməsi səlahiyyəti aidiyyəti dövlət qurumları arasında bölüşdürülüb. Belə ki, Hökumət Ödəniş Portalı üzrə uçot qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı, “ASAN ödəniş” sistemi üzrə isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müəyyən edəcək. AZCON-un strukturuna daxil olan qurumların və “Azərpoçt”un sistemləri üzrə uçot qaydaları isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən ediləcək.

Həmçinin 2012-ci il 15 fevral tarixli 37 nömrəli Qərarla təsdiq edilmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”da da dəyişikliklər aparılıb. Dəyişikliklər çərçivəsində sənəddə yer alan bəzi qurum adları yeni institusional struktura uyğunlaşdırılıb və AZCON-un strukturuna daxil olan müvafiq qurumların adları ilə əvəz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti