...

HÜQUQ MÜDAFİƏÇİLƏRİ 5 NƏFƏR SİYASİ MƏHBUSDAN İBARƏT SİYAHINI AŞPA PREZİDENTİNƏ TƏQDİM EDİBLƏR

Cəmiyyət Materials 22 Avqust 2005 16:16 (UTC +04:00)

Avqustun 22-də Avropa Şurası Parlament Assambleyasının Prezidenti Rene Van der Lindenlə göruşən Azərbaycandakı hüquq müdafiə təşkilatlarının rəhbərləri 5 nəfərdən ibarət siyasi məhbusdan ibarət siyahını qonağa təqdim ediblər.

Bu barədə Trend ə həmin görüşdə iştirak etmiş hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. S.Qocamanlının sözlərinə görə, bir qədər əvvəl bu siyahıdakı məhbusların sayı 26 nəfər olub.

Ancaq artıq onlardan 21 nəfəri azadlığa buraxılıb və siyahıda 5 nəfər qalıb. "AŞPA sədrinin diqqətinə çatdırdıq ki, Azərbaycanda siyasi məhbusların sayı bununla bitmir.
Hazırda siyasi motivlərlə təqsirləndirilərək həbsli axtarışda olan və xarici ölkələrə mühacirət edən şəxslər də var.

Təklif etdik ki, Azərbaycanda keçiriləcək parlament seçkilərinə qədər siyasi amnistiya haqqında qərar qəbul edilməli və mühacirətdə olanların da vətənə qayıtmasına şərait yaradırmalıdır" - deyə S.Qocamanlı bildirib.

Hüquq müdafiəçiləri görüşdə AŞPA Prezidentinə Azərbaycanda şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı narahatlıqlarını da bildiriblər. Onlar qeyd ediblər ki, şəxsiyyət vəsiqələrinin vaxtında verilməməsi seçkilərə əngəl törədə bilər.

S.Qocamanlı: "Görüşdə həmçinin Qarabağ probleminə də toxunuldu. Cənab Linden bununla bağlı bəzi narahatlıqlarını bildirdi. Bu narahatlıq əsasən Azərbaycan daxilində ab-hava ilə bağlıdır.

Linden qeyd etdi ki, Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün ölkə daxilində cəmiyyətin, QHT-lərin birgə səyləri olduqca zəifdir.

Əgər Azərbaycan bu problemin tezliklə həllini istəyirsə, o zaman ilk növbədə həmin qüvvələr arasında birlik olmalıdır".

Xəbər lenti

Xəbər lenti