...

Xəzərdə ikiillik tədqiqat başlanıb

Cəmiyyət Materials 29 Dekabr 2005 17:29 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu ABŞ-ın Miçiqan ştatındakı Vayn dövlət Universitetinin Geoloji Departamenti ilə birgə Xəzərdə 2 illik tədqiqata başlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə 29 dekabr tarixində yayılmış AMEA-nın Yer elmləri bölməsinin press-relizində məlumat verilir.

Tədqiqatların məqsədi Azərbaycanın ərazisində axan böyük çayların Xəzərə töküldüyü yerlərdə izotopların köməyi ilə nutrienlərin (orqanik və qeyri-orqanik maddələrin birləşməsi) paylanmasını öyrənməkdir. Belə ki, nutrienlər Xəzərin flora və faunasının qidalanmasında böyük rol oynayır.

Hazırda dünyada bu problem üzrə aparılmış tədqiqatlar araşdırılır. Çöl tədqiqatları 2006-cı ilin yazı üçün planlaşdırılır.

Belə bir tədqiqat Xəzərdə ilk dəfədir ki, aparılır. Layihə ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondunun qrantı ilə maliyyələşdirilir. Azərbaycan tərəfindən tədqiqatın koordinatoru Geologiya İnstitutunun neft və qaz geologiyası və geokimyası şöbəsinin baş elmi işçisi Çingiz Əliyev, ABŞ tərəfindən isə Vayn Dövlət Universitetinin Geoloji Departamentinin professoru Baskaran Markdır.

Bundan başqa, layihə çərçivəsində Geologiya İnstitutunun əməkdaşı Sevinc Hüseynova Vayn Dövlət Universitetində 1 aylıq təlim keçmək üçün ABŞ-a ezam olunacaq.

Xəbər lenti

Xəbər lenti