Futbol üzrə Avropa- 2008 çempionatı seçmə turnirinin Azərbaycan yığmasının da daxil olduğu "A" qrupunda oyunların təqvimi fevralın 10-da Brüsseldə müzakirə ediləcək.
AFFA-da Trend ə bildirilib ki, bu dövr ərzində yarımqrupdakı bütün rəqib ölkələr öz təkliflərini hazırlamalıdır ki, müşavirədə qarşıdakı cədvəl müzakirə olunsun. Buna görə də hazırda komandanın məşqçi tərkibi bu və ya digər rəqiblə keçiriləcək oyunların vaxtını geniş planlaşdırır. Həmin rəqib komandalar Portuqaliya, Polşa, Serbiya və Çernoqoriya, Belçika, Finlandiya, Ermənistan və Qazaxıstandır.
Qrupun favoriti olan portuqaliyalıların, eləcə də dünya çempionatına düşən serblərlə polşalıların özlərinə daha rahat təqvim quracağı gözlənilir. Əgər müzakirələrdə tərəflər razılığa gəlməsə, onda "A" qrupunda oyunların təqvimini UEFA təsdiq edəcək.