...

Stokholmda Xocalı soyqırımının ildönümü ilə bağlı mitinq keçirilib

Cəmiyyət Materials 27 Fevral 2006 17:12 (UTC +04:00)

Fevralın 26-da erməni terrorçuluğuna və 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırıma etiraz olaraq İsveçin paytaxtı Stokholmda mitinq keçirilib. Trend in məlumatına görə, şəhərin mərkəzindəki "Sergelstorg" meydanında keçirilən aksiyada Azərbaycan diapor təşkilatlarının nümayəndələri, azərbaycanlı və türk tələbələr iştirak edib.

Azərbaycan, isveç və ingilis dillərində çıxışlar edilib, Dağlıq Qarabağa ermənilərin təcavüzü, Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsi, əhaliyə qarşı qətliamlar, soyqrımılar və terror aktları törədilməsi barədə danışılıb. Xocalı soyqırımı barədə yerli dinləyicilərə məlumat verilib, eyni zamanda isveç və ingilis dillərində traktlar Stokholm sakinlərinə paylanılıb, erməni təcavüzü əleyhinə şüarlar səsləndirilib. Mitinqdə iştirak edən 150-dən artıq həmvətənlərimiz əllərində erməni terrorçuluğunu pisləyən şüarlar və Xocalı faciəsini əks etdirən onlarla şəkilli plakatlar nümayiş etdirib.

Aksiyada Dünya Azərbaycanlıları Konqresinin (DAK), İsveç-Azərbaycan Federasiyasının, İsveç-Azərbaycan Gənclər Birliyinin, Güney Azərbaycan Milli Oyanış hərəkatının İsveçdəki Azərbaycan Kültür Dərnəyinin nümayəndələri və digər şəxslər çıxış ediblər. Bir saat davam edən mitinq Azərbaycanın dövlət himninin oxunması ilə başa çatıb. Mitinqin keçirildiyi meydanda Xocalı soyqırımına həsr olunmuş şərti abidə də qoyulub.

Xəbər lenti

Xəbər lenti