...

Azərbaycanda yuvenal ədliyyənin perspektivlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 27 Mart 2006 15:58 (UTC +04:00)

Aprelin 14-də Azərbaycanda yuvenal ədliyyənin perspektivlərinə həsr olunmuş ikigünlük beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend ə Uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər Alyansının sədri Nadir Seyidov məlumat verib.

N.Seyidovun sözlərinə görə, YUNİSEF-in, ATƏT-in və BMT-nin dəstəyi ilə həyata keçiriləcək konfransda ilk dəfə olaraq Azərbaycanda yuvenal ədliyyənin indiki durumu və inkişafı məsələləri müzakirəyə çıxarılacaq. Yuvenal ədliyyənin konkret inkişaf istiqamətləri müəyyənləşəcək.

"Konfransda Azərbaycan hökumətinin yüksək çinli nümayəndələri, müvafiq güc strukturlarının və dövlət komitələrinin rəhbərlərinin iştirakı planlaşdırılıb. Mütəxəssis qismində isə tədbirə BMT-nin Uşaq Hüquqları Üzrə Komitə sədri Yakob Dyuk, beynəlxalq ekspert və Almaniyanın yuvenal hakimi doktor Helmkin Byerbi, Rusiya Federasiyasının Prezidenti Yanında İnsan Hüquqları Komissiyasının şöbə müdiri, yuvenal ədliyyə üzrə mütəxəssis Noqar Xananaşvili dəvətlidir" - deyə N.Seyidov söyləyib.

Alyans sədrinin sözlərinə görə, konfransda 4 işçi qrupu yaradılacaq. 1-ci qrup Azərbaycanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq və baxımsızlığın profilaktikasının və bu sahədə sosial işçilərin rolunun, 2-ci qrup Azərbaycanda yuvenal ədliyyə üzrə ixtisaslaşmış qurumların, 3-cü qrup Azərbaycanda yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə dövlət komissiyasının gələcək inkişafının və fəaliyyətinin, 4-cü qrup isə yetkinlik yaşına çatmayanların cinayət işlərində cəzaya alternativ cəzaların tətbiqi üçün mexanizmlərin müəyyənləşdirilməsi ilə məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti