Misirin səhiyyə naziri Hatəm əl-Qəbalinin Azərbaycana səfəri ilə bağlı hazırlıq aparılır. Bu barədə Trend ə Azərbaycanın Misirdəki səfirliyinin birinci müşaviri Ağasəlim Şükürov məlumat verib.
Onun sözlərinə görə, Hatəm əl-Qəbali həmin vəzifəyə bu yaxınlarda təyin edilib. Nazirin Azərbaycana səfəri çərçivəsində hər iki ölkə arasında səhiyyə, xüsusilə mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, quş qripi və digər yoluxucu xəstəliklərlə mübarizə sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi gözlənilir.
Xatırladaq ki, bu səfərin gerçəkləşdirilməsi ilə bağlı razılaşma hələ ötən il əldə olunub. Misirin keçmiş səhiyyə naziri Avad Tacuddin ilin əvvəlində Azərbaycana səfər etməyi planlaşdırırdı, ancaq ölkə hökumətində baş vermiş dəyişikliklərlə əlaqədar o, bu vəzifədən azad edilib.
Nazirlə yanaşı, Azərbaycana səhiyyə və əczaçılıq sahəsində çalışan işgüzar adamlardan ibarət nümayəndə heyətinin də gələcəyi gözlənilir.