...

Avropa Şurasında Ahıska türklərinin Gürcüstana repartriasiyası ilə bağlı layihə müzakirə ediləcək

Cəmiyyət Materials 10 İyul 2006 12:36 (UTC +04:00)

İyulun 11-14-də Avropa Şurasında Gürcüstandan deportasiya olunmuş Ahıska türklərinin vətənə repartriasiyası ilə bağlı layihə müzakirə ediləcək. Bu barədə Trend ə Ahıska türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burxanov bildirib.

Qeyd edək ki, ahıska türkləri Gürcüstandan 1944-cü ildə deportasiya olunub. İ.Burxanovun dediyinə görə həmin ildə 100 mindən çox Ahıska türkü vətəndən çıxarılıb. İ. Burxanov onu da deyib ki, hərbi xidmətdə olan 40 min Ahıska türkündən 20 mini həlak olub.

İ.Burxanov onu da vurğulayıb ki, layihə "XX yüzilliyin 40-cı illərində Gürcüstandan zorla köçürülən əhalinin geriyə qaytarılması" adlanır: "Ancaq biz həmin layihədə göstərilən bəzi müddəalarla razı deyilik. Birincisi ona görə ki, layihədə geriyə qaytarılan ahıska türkü ilə Gürcüstanda yaşayan xarici vətəndaşın hüquqları eyni göstərilib. İkincisi, dövlət geriyə qaytarılan ahıska türkünə məskunlaşmaq üçün iki yer təklif edir. Təkliflə razılaşmayan vətəndaş öz vəsaiti hesabına ev ala bilər. Üçüncüsü isə repartriasiya olunan şəxsə dövlət tərəfindən verilən mülkün qiymətini 5 ildən sonra ev sahibi ödəməlidir".

İ.Burxanov onu da bildirib ki, ahıska türkləri öz vətənlərinə qayıtdıqlarından layihədə əksini tapan müddəaları qəbul etmək istəmirlər. O da vurğulanıb ki, layihə Gürcüstanın hüquqşünasları tərəfindən hazırlanıb: "İndi həmin layihə Avropa Şurasının mütəxəssisləri ilə birlikdə müzakirə ediləcək". İ.Burxanov onu da qeyd edib ki, Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərindən biri də 2010-cu ilədək ərazisindən köçürülən Ahıska türklərini geri qaytarmaqdır. İ.Burxanov Azərbaycanda 70 min ahıska türkünün məskunlaşdığını bildirib.

Xəbər lenti

Xəbər lenti