...

Ana südü ilə qidalanma uşaq ölümünü 3 dəfə azalda bilər

Cəmiyyət Materials 2 Avqust 2006 18:02 (UTC +04:00)

Uşaqların ana südü ilə qidalanması uşaq ölümünü 3 dəfə azalda bilər. Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 2-də Bakıda keçirilmiş konfransda Azərbaycanın baş pediatrı, professor Nəsib Quliyev bildirib.

O qeyd edib ki, 80-ci illərdə qlobal tədqiqat aparılıb, nəticədə aydın olub ki, körpələrin cəmi 20% -i ana südü ilə qidalanır. Bundan sonra YUNİSEF anaların uşaqlara ana südünün verməsi üçün həvəsləndirilməsinə yönəlmiş proqramı həyata keçirməyə başlayıb. "Çünki körpələrin ana südündən məhrum edilməsi nuvə silahının yayılması kimi təhlükəlidir", - deyə pediatr qeyd edib.

Azərbaycanda Səhiyyə Nazirliyinin YUNİSEF-lə birgə keçirdiyi proqramlar nəticəsində bu sahədə bəzi nailiyyətlər əldə olunub. Tədqiqatlara əsasən 1995-ci ildə anaların yalnız 25%-i uşaqlarını ana südü ilə qidalandırıb, 2006-cı ildə isə bu, 50%-ə çatıb. N.Quliyevin sözlərinə görə, bu say 95%-ə çatmalı idi, çünki müəyyən olunub ki, yalnız anaların 3-5%-i süd çatışmamazlığı və uşaqlara süd verməyə imkan verməyən digər patoloji xəstəliklərdən əziyyət çəkir. Anaların əksəriyyəti, sadəcə olaraq, uşaqlarına ana südü vermək istəmirlər.

Körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının təbliği və müdafiəsi, süni qida məhsullarının istehsalı, idxalı, reklamı və satışına nəzarət etmək məqsədilə 2003-cü ilin avqust ayında Azərbaycan Milli Məclisi tərəfindən qanun qəbul edilib. Qanun tərəfindən süni qida istehsalçılarına qarşı irəli sürülən əsas tələblər aşağıdakılardır: Azərbaycana idxal edilən süni qida məhsullarının üzərində digər dillərlə yanaşı Azərbaycan dilində də təlimat olmalı; qablaşdırmanın üzərində ana südünün üstünlükləri haqqında yazı olmalı; "ana südünə oxşar" və ya "ana südünün əvəzedicisi" ifadələrindən istifadə olunmamalıdır.

Konfransda iştirak edən YUNİSEF-in "Sağlamlıq və qida" proqramının direktoru bildirib ki, bu sahdə aparılan tədbirlərdən razıdır. O həmçinin qeyd edib ki, Azərbaycanın 67 doğum evi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və YUNİSEF-in birgə verdiyi "Uşağa xeyirxah münasibət və ana südü ilə qidalanma" diplomu ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti