...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyanın Azərbaycandakı səfirini qəbul edib

Cəmiyyət Materials 24 Avqust 2006 15:37 (UTC +04:00)

Avqustun 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Vasili İstratov ilə görüşüb. Bu barədə Trend ə İdarədən bildirilib.

Söhbət əsnasında A.Paşazadə Qafqazda dini vəziyyətlə bağlı fikirlərini səfirlə bölüşüb, Azərbaycan və Rusiya arasındakı münasibətlərin yüksək səviyyəsinin təmin olunmasında dini xadimlərin mühüm rolunu qeyd edib. Şeyxülislamın fikrincə, Rus Pravoslav Kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud qarşılıqlı münasibətlər əsl örnək sayıla bilər. QMİ başçısının sözlərinə görə, yaxın vaxtlarda Qafqazda sülh və sabitliyin bərqərar olunması məsələləri üzrə beynəlxalq konfransın keçiriləcəyi nəzərdə tutulub.

V.İstratov Rusiya prezidenti Vladimir Putinin səmimi salamlarını bütün Qafqaz müsəlmanlarının dini liderinə çatdırıb. Səfir ümidvar olduğunu bildirib ki, Rusiya və Azərbaycan arasındakı münasibətlər bundan sonra da inkişaf edəcək və bu da, öz növbəsində, hər iki xalqın rifah və səadətinə rəvac verəcək.

Xəbər lenti

Xəbər lenti