...

Məhkəmə Hacı Məmmədovun vəkilinin vəsatətini qəbul etməyib

Cəmiyyət Materials 8 Sentyabr 2006 17:40 (UTC +04:00)

Sentyabrın 8-də Hacı Məmmədovun vəkili Səməd Əliyevin məhkəmə iclasının işinə həftədə bir dəfə fasilə verilməsi ilə əlaqədar qaldırdığı vəsatət məhkəmə tərəfindən qəbul edilməyib. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandasının cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Vəkil vəsatətini belə əsaslandırıb ki, iclas həftənin bütün günləri ərzində keçirildiyi üçün vəkillər təyin olunduqları digər məhkəmə iclaslarında iştirak edə və müqavilə bağladıqları şəxslərin hüquqlarının müdafiəsini həyata keçirə bilmirlər . Hakim isə bildirib ki, Hacı Məmmədov və onun bandasının işi üzrə məhkəmə prosesi hazırda Azərbaycanda ən aktual və diqqət mərkəzində olan məhkəmə prosesidir. Bu səbəbdən də məhkəmə iclasınlarının davamiyyəti pozula bilməz.

Daha sonra iclas vəkillərin təqsirləndirilən şəxs Sidek Abdulvahabova sualları ilə davam edib. S.Abdulavahabovun ibtidai istintaqdakı bəzi epizodlar üzrə ifadələri ilə məhkəmədə verdiyi ifadə arasındakı ziddiyyətlər araşdırıldıqdan sonra hakim təqsirləndirilən şəxsin dindirilməsinin başa çatdığını elan edib və məhkəmə iclasının sentyabrın 11-də davam etdiriləcəyini söyləyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin siyahısı üzrə növbəti məhkəmə iclasında daxili işlər nazirinin keçmiş müavini Zakir Nəsirovun ifadə verəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti