...

Məhkəmədə Rövşən Əliyevin həyat yoldaşı ifadə verərkən Hacı Məmmədovun halı pisləşib

Cəmiyyət Materials 31 Oktyabr 2006 18:42 (UTC +04:00)

Oktyabrın 31-də Hacı Məmmədovun məhkəməsində Respublika Baş Prokurorluğu İstintaq İdarəsinin kriminalistika şöbəsinin rəisi Rövşən Əliyevin həyat yoldaşı İradə Quliyeva ifadə verərkən Hacı Məmmədovun təzyiqi qalxdığı üçün hakim məhkəmə iclaının işində fasilə elan edib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

İradə Quliyeva ifadəsində bildirib ki, Rövşən Əliyev ölümündən iki gün əvvəl söhbət əsnasında ona adam oğurluğu ilə məşğul olan mütəşəkkil bandanın izinə düşdüyünü deyib. "Mənə qəti şəkildə tapşırdı ki, heç kəsə qapı açmayım, uşaqlardan ehtiyatlı olum. Səhəri gün Rövşən üzünü təraş edəndə ülgüclə kəsdi, əsəbi şəkildə dedi ki, bu heç yaxşı əlamət deyil. Qapıdan çıxanda isə uşaqlara qeyri-adi baxışlarla nəzər saldı. Elə bil hiss etmişdi ki, son gedişidir" - deyə İ.Quliyeva bildirib.

İ.Quliyevanın sözlərinə görə, həmin axşam televizordan Baş Prokurorluğun adı açıqlanmayan işçisinin qətlə yetirildilyini eşidən kimi başa düşüb ki, söhbət Rövşən Əliyevdən gedir. "Oğlumla xəstəxanaya yollandım, Rövşəni artıq morqa aparmışdılar. Mən Rövşənin son danışıqları barədə Baş prokurora ərizə yazdım" - deyə İ.Quliyeva söyləyib.

Hacı Məmmədov isə İradə Quliyevaya bildirib ki, Rövşən Əliyevi öz iradəsindən asılı olmayaraq öldürüb: "Rövşəni mənə öldürtdürüblər. Mən Rövşənlə yaxın dost olmuşam, onu öldürərkən özümə də ölüm hökmü çıxarmışam. Bu gün onun ailəsi qarşısında ölməyə layiqəm" - deyə Hacı Məmmədov bildirib.

Daha sonra Hacı Məmmədovun vəziyyəti pisləşib, məhkəmə zalına tibbi persona çağırılıb, müayinə zamanı məlum olub ki, təqsirləndirilən şəxsin təzyiqi həddən artıq yüksəyə qalxıb. Hakim məhkəmə iclasına noyabrın 1-dək fasilə verib.

Xəbər lenti

Xəbər lenti