Noybarın 9-da Bakı şəhəri, Əzizbəyov rayon məhkəməsinin çıxardığı qərara əsasən, keçmiş maliyyə naziri Fikrət Yusifov cəzasının qalan hissəsini komendatura rejimində çəkəcək. Bu barədə Trend ə Fikrət Yusifovun qardaşı İlham Yusif məlumat verib.
Qeyd edək ki, 2 avqust 2006-cı ildə Nəsimi rayon Məhkəməsi Fikrət Yusifovu qanunsuz silah gəzdirməkdə təqsirli bilərək 1 il müddətinə azadlıqdan məhrum edib. Cəzasının 2/3 hissəsini çəkən Fikrət Yusifov Əzizbəyov rayon Məhkəməsinə ərizə ilə müraciət edərək azadlığa buraxılmasını xahiş edib. Məhkəmə ərizəni təmin edib və keçmiş maliyyə nazirinin qalan cəzasını komendatura şəraitində çəkməsi barədə qərar qəbul edərək onu məhkəmə zalından azadlığa buraxıb.
Qeyd edək ki, F.Yusifov keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov və digərləri ilə əlbir olaraq dövlət çevrilişi hazırlamaqda da təqsirli bilinir. Bu cinayət işi üzrə Milli Təhlükəzsilik Nazirliyinin İstintaq İdarəsi tərəfindən aparılan istintaq davam edir.