...

Keçmiş səhiyyə naziri ibtidai istintaq zamanı ittihamları qəbul etməyib

Cəmiyyət Materials 15 Fevral 2007 16:41 (UTC +04:00)

Keçmiş səhiyyə naziri Əli İnsanov Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ona qarşı irəli sürülmüş ittihamları ibtidai istintaq zamanı qəbul etməyib. Trend bu barədə ittiham aktına istinadən məlumat verir.

İttiham aktında qeyd olunur ki, Əli İnsanov dövlət mülkiyyətində olan səhiyyə obyektlərinin qanunvericiliklə müəyyən edilmiş qaydalara zidd olaraq özgəninkiləşdirmək məqsədilə onunla birlikdə təqsirləndiirilən digər şəxslərlə əlbir olaraq Səhiyyə Nazirliyinin balansında olan obyektləri özəlləşdirib.

Ə.İnsanov bu yolla oğlu Vidadi İnsanovun, qızı Ayla Ştelenin, bacısı oğlu Anar Namazovun, başqa qohumlarının və tabeçiliyində olan şəxslərin adlarına Səhiyyə Nazirliyinin balansında olan və Bakı şəhərində yerləşən 16 obyektin qanunsuz özəlləşdirilməsinə nail olub.

Digər epizod 2004-cü ilin oktyabr ayından həmin ilin iyul ayında kimi olan Büdcədənkənar tibbi xidmət idarəsinin rəisi Vəkil Abbasovdan 200.000 ABŞ dolları məbləğində rüşvət alıb.

Digər epizodda isə qeyd olunur ki, Ə.İnsanov Nazirliyin Əczaçılıq və tibbi texnika şöbəsinin müdiri Akif Məhərrəmovla, həmin şöbənin mütəxəssisləri Eldar Rzayevlə, Hacı Əliyevlə, Şövqi Cəfərovla və digərləri ilə əlbir olaraq dərman vasitələrinin topdan satış və pərakəndə satışını həyata keçirmək üçün apteklər, aptek məntəqələri və aptek köşkləri sahiblərinə qanunvericiliyin tələblərini pozmaqla rüşvət almaqla lisenziyalar verib. Keçmiş nazir 1997-ci ildən 2005-ci ilin yanvar ayınadək cəmi 129 nəfərə lisenziya verilməsi üçün 121.000 ABŞ dolları məbləğində rüşvət alıb.

Bundan əlavə, keçmiş nazir qanunsuz sərəncamlar verməkdə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında müvəffəqiyyət qazanmayanları külli mirqdarda rüşvət alaraq qanunsuz yolla tibb məktəblərinə qəbul etdirməkdə təqsirləndirilir.

Qeyd edək ki, rüşvətalma, vəzifədən sui-istifadə etmə maddələri ilə təqribən 30-a yaxın epizodda təqsirləndirilir. Keçmiş nazir isə özünü bu epizodların heç birində təqsirli bilməyib.

Əli İnsanovla yanaşı məhkəmə qarşısında Səhiyyə Nazirliyinin Büdcədənkənar tibbi xidmət idarəsinin Vəkil Abbasov, bacısı oğlu Anar Namazov, SN Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Aleksandr Ufnyaşkin, SN Kadrlar, elm və təhsil şöbəsinin müdiri Nazim İbrahimov, "Vita Medikal Center" MMC-nin direktoru Fəxrəddin Abbasov, SN Əczaçılıq və tibbi texnika şöbəsinin rəisi Eldar Rzayev, SN Əczaçılıq və tibbi texnika şöbəsinin mütəxəssisi Şövqi Cəfərov, "Passaj-Aptek" ASC-nin idarə heyətinin sədri Fuad Mahmudov, Əczaçılıq və tibbi texnika şöbəsinin mütəxəssisi Hacı Əliyev, "Göz xəstəlikləri üzrə əlillərin respublika reabilitasiya mərkəzi"nin direktoru Pərviz Kazımov da dayanıb. Ə.İnsanov istisna olmaqla, digər şəxslər zamindədirlər.

Xəbər lenti

Xəbər lenti