Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın İnsan haqları üzrə Ombudsman Aparatının nümayəndələri Qobustan Qapalı Həbsxanasında aclıq edən 10 nəfər ömürlük həbsə məhkum olunmuş məhbuslarla görüş keçirirlər. Bu barədə cümə günü Trend ə Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova məlumat verib.
O bildirib ki, martın 30-da öz nümayəndələrini Qobustan həbsxanasına göndərib və Ombudsman Aparatının əməkdaşları aclıq edən məhbusların vəziyyəti ilə bağlı ona məlumat verəcəklər.
Süleymanova xatırladıb ki, Azərbaycanda ölüm hökmünə 1993-cü ildə veto qoyulub, 1998-ci ildə isə o, rəsmən ləğv olunub. O zaman ən ağır cəza 15 il həbs cəzası hesab edildiyi üçün indi ömürlük cəza çəkən məhbuslar onlara düzgün hökm çıxarılmadığını deyirlər. Onlar hesab edirlər ki, ömürlük deyil, 15 il həbs cəzasına məhkum olunmalı idilər: "Bununla əlaqədar mən Konstitusiya Məhkəməsinə sorğu ilə müraisət etmişəm ki, məhbuslarının tələblərinin Konstitutsiya uyğunluğu yoxlanılsın. Məhkəmədən artıq cavab almışam ki, həmin məhbusların hər birinin işinə ayrı-ayrılıqda baxılacaq və qərar çıxarılacaq" - deyə ombudsman bildirib.
Süleymanova onu da deyib ki, aclıq üsulu ilə məhbuslar ictimaiyyətin diqqətini cəlb etmək istəyib və buna nail olublar: "Aclıq edən məhbuslara yardım göstəriləcək və inanıram ki, onlar aclığı dayandıracaqlar". Süleymanova onu da deyib ki, Ombusman Aparatının vəsatəti ilə ömürlük həbsə məhkum olunmuş iki məhbusun cəzası 25 illik həbslə əvəz olunub.