...

Xəzərdə nərə və qızıl balıqların kökü kəsilir

Cəmiyyət Materials 17 Aprel 2007 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı,17 aprel Trendlife müx. Şirin Manafov/

Yaxın beş il ərzində Xəzərdə qızıl və nərə balıqları tükənə bilər. Qızıl balığın isə Azərbaycanda ümumiyyətlə kökü kəsilməkdədir.

İxtioloq Adil Orucov və bəzi bioloqlar belə hesab edirlər ki, 10 ildən sonra nərə balıqları da Xəzərdən tamamilə yox ola bilər. 2000-ci ildə BMT nərə balığının altı növünü kökü kəsilməkdə olan heyvanlar siyahısına daxil edib. Vəziyyət o qədər çətinləşib ki, Avropaya və Amerikaya kürü satışına qadağa qoyulub. Buna baxmayaraq bütün Xəzəryanı ölkələr qadağa qoyulmuş, hətta 10 yaşına çatmayan nərə balıqlarını ovlamaqla məşquldurlar. Bioloqların yeni layihələri Xəzərdəki bioresursların qorunub saxlanmasına yönəldilib. Onlardan biri hazırda kiçik Yalama çayında qorunub saxlanılır.

Azərbaycan alimi Adil Orucovun işlədiyi "Ekologiya, iqdisadiyyat, harmoniya" mövzusu BP-nin müsabiqəsində ən yaxşı iş kimi qəbul edilib. Yalama ətrafındakı çaylar-Muxtadırçay, Nörqədiçay, Telçay, Velmirçay, Xurayçay Rusiya ilə həmsərhəd olduğu üçün hazırda bununla Vəhşi Təbiət Fondu xüsusi maraqlanır. Bu layihə Azərbaycan və Rusiya alimləri tərəfindən reallaşdırılacaq.

A.Orucovun sözlərinə görə, layihənin əsas məqsədi Xəzər dənizində olan kürülərin qorunub saxlanmasıdır. Yalama ətrafında olan çaylarda nəticə dəyişilib. Belə ki, fermer təsərüfatlarının çoxalması onu göstərir ki, nərə, qızılbalıq, kütüm və s. balıq növlərinin qəfildən kökü kəsilir. Buna səbəb isə bu balıqların taleyi və inkişafı ilə bağlı heç bir iş görülməməsidir. İxtioloqlar belə bir təklif irəli sürüblər ki, Yalama ətrafında çayda 12 km uzunluqda kürülər və qiymətli balıqlar üçün qoruq yaradılsın. Yalama çaylarında olan qızıl, kütüm və başqa balıq növləri qorunmalıdır.

A.Orucovun ikinci layihəsi Lənkəran-Astara ətrafındakı çaylara həsr olunub. O hesab edir ki, hazırda bu çaylar da dəhşətli dərəcədə çirklənib. Harada ki, təbii kürülər qorunub saxlanılıb, orada şəraiti yaxşılaşdırmaq lazımdır. A.Orucov təklif edir ki, Xəzərdə nərə balıqları qorumaq üçün nəzarəti gücləndirmək lazımdır. Xəzər dənizində brakonyerliyi ləğv etsək, bir neçə problemi yerindəcə həll etmək mümkün olar.

Adil Orucovun fikrinə görə, bu məqsədlər üçün göl və kürü qoruqlarından istifadə etmək daha məqsədə uyğundur. Alim belə hesab edir ki, balıqçılıq təsərrüfatının inkişafı üçün xüsusi zavodlar fəaliyyət göstərməlidir. Əgər Azərbaycanda da belə bir zavod fəaliyyət göstərsə, balıq biznesi getdikcə genişlənməyə başlayacaq. O qeyd edib ki, məhz zavodun olmaması səbəbindən bir çoxları nərə balıqlarının çoxalması ilə məşqul olmur.

Xəbər lenti

Xəbər lenti