...

Azərbaycan jurnalistlərinin növbəti piketi dağıdıldı

Cəmiyyət Materials 15 May 2007 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın bir qrup jurnalistinin çərşənbə axşamı Bakının Sabir bağında keçirmək istədiyi etiraz aksiyası polislər tərəfindən dağıdılıb. Aksiya başlamazdan əvvəl Bakının Səbail Rayon Polis İdarəsinin əməkdaşları M.Ə.Sabirin heykəlinin yanını və ətraf əraziləri nəzarətə götürmüşdü. Ona görə də jurnalistlərin həmin ərazidə piketinə imkan verilməyib. Polislər jurnalistlərin əlindən plakatları və aksiyanın qətnaməsini alıblar.

Aksiya yerində olan Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəisi Şamil Seyidli jurnalistlərə açıqlamasında bildirib ki, piket icazəsiz olduğu üçün keçirilməsinə imkan verilməyib. "Bundan sonra da bütün icazəsiz aksiyaların qarşısı qətiyyətlə alınacaq"-deyə Seyidli bildirib.

Piketin dağıdılmasından sonra təşkilatçıların, qəzet redaktorlarının toplantısı keçirilib. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid bildirib ki, polislər piket iştirakçısı olan jurnalistlərə kobud davranıb, birini isə döyüblər. Toplantıda qəzet redaktorları, hüquq müdafiəçiləri tərəfindən müxtəlif təkliflər səsləndirilib. Növbəti etiraz aksiyalarının mitinq formasında olması, həmçinin fərqli yerlərdə - xarici neft şirkətlərinin qarşısında keçirilməsi, M.Ə.Sabirin heykəlinin qarşısında onun şerlərinin oxunması kimi təkliflər verilib. Sonda bugünkü piketin qətnaməsi oxunub.

Növbəti piket gələn həftənin çərşənbə axşamı günü keçiriləcək.

Qeyd edək ki, jurnalistlər "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılıb cəzalandırılmasını, siyasi motivlərlə həbs olunmuş bütün jurnalistlərin azadlığa buraxılmasını, qəzetlərə qarşı təzyiqlərə son qoyulmasını və Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulunu tələb edirlər.

Xəbər lenti

Xəbər lenti