...

Təhsil nazirinin müavini: "Bu günə qədər 325 uşaq ailələrə verilib"

Cəmiyyət Materials 16 May 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bu günə qədər uşaq evlərində və internatlarda olan uşaqlardan 325-i ailələrə verilib. Bu barədə çərşənbə günü Bakıda təhsil nazirinin müavini, internatlarda və uşaq evlərində olan uşaqların ailələrə verilməsi üzrə (De-institusionalizasiya) dövlət proqramının Koordinasiya Şurasının sədri İradə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, bu proses prezident İlham Əliyevin 2006-cı il martın 29-da imzaladığı proqrama əsasən həyata keçirilir. Nazir müavini vurğulayıb ki, bu proqram 10 illik dövrü əhatə edir və bu müddət ərzində həyata keçiriləcək.

"2005-ci ildən başlayaraq uşaq evləri və internatlarda olan uşaqların ailələrə verilməsi prosesi həyata keçirilir. Bu məsələdə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı çox vacibdir" - deyə Hüseynova bildirib.

O qeyd edib ki, ailələrə verilən uşaqların ailə mühitində böyüməsi və inkişaf etməsi hər zaman diqqət mərkəzində olmalıdır: "Biz əmin olmalıyıq ki, ailələrə verilən uşaqlar orada tam sərbəst şəkildə böyüyə biləcəklər. Eyni zamanda ailə tərəfindən uşağa lazımı diqqət göstərilməlidir"

Hüseynova qeyd edib ki, gələcəkdə internatlara və uşaq evlərinə qəbul məhdudlaşdırılacaq. Artıq bu proses də başlayıb: "Yalnız ən zəruri və ən ehtiyaclı vaxtda uşaqlar dövlət müəssisələrinə qəbul olunacaqlar".

Xəbər lenti

Xəbər lenti