...

Azərbaycan jurnalistlərinin yürüş-mitinq və piketlərinin keçirilməsinə qərar verildi

Cəmiyyət Materials 18 May 2007 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Həbsdə olan Azərbaycan jurnalistlərinin hüquqlarını müdafiə komitəsi və Redaktorlar Birliyinin təşəbbüsü ilə iyunun 12-də Bakıda yürüş-mitinq keçiriləcək. Bu barədə müdafiə komitəsinin cümə günü keçirilən genişləndirilmiş toplantısında qərar qəbul edilib.

Qərar barədə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib.

Aksiyanın metronun "Neftçilər" stansiyası yaxınlığından yürüşlə başlaması və Neftayırma zavoduna aid meydanda mitinq keçirilməsi nəzərdə tutulur. Yürüş-mitinqlə bağlı bazar ertəsi Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət ediləcək.

Mayın 22-də isə jurnalistlərin növbəti piketi keçiriləcək. Bu piketlərin hər həftə çərşənbə axşamı keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, jurnalistlər təşkilatları, Redaktorlar Birliyi həbsdə olan jurnalistlərin -"Realnı Azerbaydjan"-"Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin, "Müxalifət" qəzetinin rəhbərləri - Rövşən Binnətli və Yaşar Ağazadənin, "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakitin və digərlərinin azadlığa buraxılmasını, "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılıb cəzalandırılmasını, "Diffamasiya haqqında" qanunun qəbul olunmasını tələb edirlər.

Xəbər lenti

Xəbər lenti