...

Milli Teleradio Şurasının sədri: "Azərbaycanın bir neçə bölgəsində regional televiziyalar açılacaq"

Cəmiyyət Materials 30 May 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın bir neçə bölgəsində regional televiziyalar açılacaq. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli məlumat verib.

Məhərrəmlinin sözlərinə görə, Əli Bayramlı şəhərində, Şamaxı rayonunda və Aran bölgəsində -İmişli, Saatlı və Biləsuvar rayonlarından birində regional televiziya açılacaq. O qeyd edib ki, hazırda adıçəkilən rayonları əhatə edən bölgələrdə regional televiziyalar yoxdur.

"Biz bir neçə regionda televiziyaların açılmasını planlaşdırırıq. Lakin bölgələrdə reklam bazarının məhdudluğu buna imkan vermir. Çətinliklərə baxmayaraq, bu işi həyata keçirəcəyik" - deyə Məhərrəmli əlavə edib.

Onun sözlərinə görə, regionlarda açılacaq yeni televiziyalar özəl kanallar olacaq.

Milli Teleradio Şurasının sədri bildirib ki, regional televiziyalara yardım məqsədilə hansısa dövlət proqramının hazırlanması nəzərdə tutulmayıb: "Regional televiziyalar ayrı-ayrı sahibkarlara məxsusdur. Dövlət digər qurumlara necə yardım edirsə, regional televiziyalara da o formada yardım göstərməlidir. Son zamanlar sahibkarlığın inkişafı üçün kreditlər verilir. Regional televiziyalar müraciət edib həmin kreditlərdən yararlana bilərlər".

Məhərrəmli qeyd edib ki, hazırda Azərbaycanda 14 regional televiziya fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti