...

Hesabat: Bakıda tullantıların saxlandığı və yandırıldığı poliqonlar əhali üçün təhlükə yaradıb

Cəmiyyət Materials 5 İyun 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakı şəhərində və ətraf ərazilərdə tullantıların (zibil) saxlandığı və yandırıldığı poliqonlara yaxın ərazilərdə əhalinin sağlamlığına ciddi təhlükələr yaranıb. Bu barədə Azərbaycan Yaşıllar Partiyasının son üç ayda Bakıda apardığı monitorinqin nəticələrinə əsasən hazırlanan hesabatda bildirilir.

Monitorinqin nəticələrinə əsaslanaraq, Yaşıllar Partiyası bildirir ki, Bakı, Sumqayıt şəhərində və ətraf ərazilərdə istehsalat və məişət tullantılarının idarə edilməsi (toplanması, daşınması, saxlanması və zərərsizləşdirilməsi) ekoloji qanunvericiliyin, xüsusilə də mövcud qanunların pozulması ilə həyata keçirilir.

Belə ki, istehsal zamanı əmələ gələn təhlükəli tullantıların bu məqsəd üçün ayrılmış ərazilərdə, konteynerlərdə və yaxud müvəqqəti saxlama məntəqələrində yerləşdirilməsi və mühafizəsi normalara uyğun aparılmır: "Tullantıların yığılması, daşınması, saxlanması və zərərsizləşdirilməsi xüsusi texnikaya, əraziyə, nəqliyyat vasitəsinə və kadr imkanına malik olan təşkilatlara lisenziya əsasında verilməli olduğu halda, bu tələblər ciddi surətdə pozulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu sahədə fəaliyyət üçün lisenziya verilmiş hüquqi şəxslərin ən azı 60%-nin müvafiq standartlara uyğun şəraiti və texnikası yoxdur" - deyə hesabatda bildirilir.

Monitorinqə görə, məişət və istehsal tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və emalı sahəsindəki ciddi çatışmazlıqlar Bakı şəhərində və ətraf ərazilərdə, xüsusilə yeni tikililərin aparıldığı yerlərdə, tullantı poliqonlarının ətrafında antisanitariya və təhlükəli ekoloji vəziyyət yaradıb. Bərk məişət tullantılarının yığılması, daşınması və yerləşdirilməsi tələblərinə əməl edilmir. Tullantıların idarə edilməsi sahəsindəki nəzarətsizlik tullantı poliqonlarının sayının artmasına və onların təhlükəli infeksiya mənbəyinə çevrilməsinə səbəb olub.

Həmçinin məişət və istehsal tullantılarının çeşidlənməsi bu günə qədər aparılmır. Məişət və sənaye tullantıları açıq havada poliqonlarda yandırılır. Azərbaycan Yaşıllar Partiyası təhlükəli tullantıların, o cümlədən radioaktiv və toksiki tullantıların ətraf mühitə və insan sağlamlığına ciddi mənfi təsirini nəzərə alaraq bu sahənin idarə edilməsinə nəzarətin gücləndirilməsini vacib sayır.

Xəbər lenti

Xəbər lenti