...

Şahidin qorunması üçün Azərbaycan qanunvericiliyi onun sifətinin dəyişdirilməsinə icazə verir

Cəmiyyət Materials 18 İyun 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanda "Şahidlərin qorunması sahəsində texniki yardım" adlı layihənin icrası nəzərdə tutulur. Layihə Avropa İttifaqı xəttilə Avstriya hökuməti tərəfindən maliyyələşdiriləcək.

Ali Məhkəmənin Hərbi məhkəmələrin işləri üzrə kollegiyasının sədri Ramazan Burcayev Trend ə açıqlamasında bildirib ki, Azərbaycanda "Cinayət prosesində iştirak edən şəxslərin müdafiəsi haqqında" qanunda şahidlərin müdafiəsi ilə bağlı tədbirlər nəzərdə tutulsa da, indiyədək həmin tədbirlərin tətbiqinə ehtiyac olmayıb. Burcayevin sözlərinə görə, Azərbaycan mentaliteti bu tədbirlərin tətbiqinə olan zərurəti aradan qaldırıb: "Şahidlərin mühafizəsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Cinayət hadisəsinin açılmasında mühüm rol oynayan şahidlərin həyat və sağlamlığı üçün təhlükə yaranarsa, istintaq orqanı şahidin sənədlərinin, yaşayış yerinin dəyişdirilməsi, hətta onun sifət quruluşunun dəyişdirilməsi üçün məhkəmə qarşısında məsələ qaldıra bilər. Şahidin qorunması ilə bağlı hər hansı tədbir məhkəmənin qərarı ilə həyata keçirilməlidir". Kollegiya sədri həmçinin qeyd edib ki, indiyədək qanunda nəzərdə tutulan bu tədbirlərin tətbiqi ilə bağlı hər hansı məhkəmə qərarı olmayıb.

Azərbaycanda "Cinayət prosesində iştirak edən şəxslərin müdafiəsi haqqında" 1998-ci il dekabrın 11-də qəbul edilmiş qanun BMT-nin ekspertləri tərəfindən müsbət qiymətləndirilib. Layihə çərçivəsində Azərbaycanın bu sahədəki təcrübəsi BMT-nin ekspertləri tərəfindən öyrəniləcək, ehtiyac olarsa, bu sahədə qanunvericilik təkmilləşdiriləcək.

"Cinayət prosesində iştirak edən şəxslərin müdafiəsi haqqında" 1998-ci il qanununa 24 noyabr 2002 və 5 mart 2004-cü il tarixində əlavələr edilib.

Xəbər lenti

Xəbər lenti