...

Azərbaycanda "Super-star" başlayır

Cəmiyyət Materials 20 İyun 2007 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /müx. "TrendLife" Günel Əhmədova/ "Səs" şirkətinin rəhbəri Nahid Emiloğlunun təqdimatında "Super-star" adlı musiqili layihə hazırlanır. Sentyabrın 1-dən efirə çıxacaq müsabiqənin 16 nəfərdən ibarət iştirakçısı layihənin quruluşçu rejissoru Vüsalə Mirzəyevanın rəhbərliyi ilə seçilir.

Emiloğlunun "TrendLife"a verdiyi məlumata görə, müsabiqə savadlı və səhnə təcrübəsi olan istedadların perspektivlərini artırmaq məqsədi daşıyır. Burada təsadüfi adamlar deyil, müsabiqə iştirakçıları, musiqi təhsili almış gənclər iştirak edəcəklər.

Həftənin 4 və 5-ci günləri efirə çıxacaq iştirakçıların çıxışını 4 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirəcək. Onların 2-si yerli, 2-si isə əcnəbi sənət adamları arasından seçilib. Üç nəfərin kimliyi artıq bəllidir - Nisə Qasımova, türk sənətçiləri Ərcan Saatçi və Çelik. Onlara iştirakçıların ifalarını xalla qiymətləndirəcəklər. Eyni zamanda tamaşaçı SMS-ləri də burada rol oynayacaq.

Müsabiqənin efir mərhələsi 800 nəfərlik tamaşaçı tutumu olan Şəhriyar adına Mədəniyyət Evindən canlı yayımla efirə çıxacaq.

Eskizləri hazır olan dekorasiyalar isə güclü işıq effektləri və quruluşuna görə fərqlənəcək. İştirakçıları gözləmə otağında səhnəyə gətirəcək yol da xüsusi üslubda hazırlanıb. Onların ifası Yaşar Baxışın rəhbərlik etdiyi ansamblın müşayiəti ilə dinləniləcək.

Emiloğlunun məlumatına görə, "Super-star"ın final mərhələsinə xüsusi proqram hazırlanır. Dekabrın 31-nə nəzərdə tutulan gecədə tamaşaçılar maraqlı proqram izləyəcəklər. Burada Ərcan Saatçi və Çeliklə yanaşı, bir neçə türk ulduzunun çıxışı olacaq.

Layihə rəhbəri qeyd etdi ki, müsabiqənin qalibi ilə Türkiyədə fəaliyyət göstərən "Bay Saatçi" şirkəti müqavilə bağlayacaq. Tezliklə qalibin qonşu ölkədə mahnıları yazılacaq, albomu buraxılacaq, klipi çəkiləcək.

Xəbər lenti

Xəbər lenti