...

"Azanfilm"in direktoru Elçin Axundov: ""Dədə Qorqud" animasiya filmi uğursuz alınıb"

Cəmiyyət Materials 30 İyun 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /müx. "TrendLife" Əli Dərviş/ Azərbaycan xalq cizgi filmi ən çətin dövrlərini yaşayır. "Azanfilm"də ildə bir animasiya filmi çəkilir. Lakin yaradıcı kollektiv heç də bundan utanmır, əksinə, gələcəyə böyük ümidlərlə baxır. Bu sahədə mövcud problemləri bölüşmək üçün "TrendLife" "Azanfilm"in direktoru, animator Elçin Axundova bir neçə sualla müraciət etdi.

- Hansı səbəblərdən Azərbaycan animasiyası çox aşağı səviyyədədir?

- Mən deməzdim ki, bir o qədər də aşağı səviyyədədir. Həmin cizgi filmlərini çəkən yerli animatorlar sovet məktəbi səviyyəsindədir. Məlumdur ki, on animasiya filmindən biri sovet dövründə dünya animasiya bazarında lazımi səviyyədə tanınıb. Bu gün isə animasiya filmlərinin qabaqcıl istehsalçılar "Disney Lend", "Uorner Brazers qardaşları", "Karolina" və başqaları kimi böyük studiyalar fəaliyyət göstərir. Bu göstəricilərə görə animasiya bazarları demək olar ki, bütünlüklə təmin olunub. Lakin mən 25 cizgi filminin müəllifi və mütəxəssis kimi onu deyə bilərəm ki, qərb animasiya istehsalçılarında ümumi ideya, dramaturgiya çox zəifdir. Qərb animasiyası bizimkilərdən demək olar ki, qat-qat aşağı səviyyədədir. Sadəcə rənglər və dinamik effektlər tamaşaçını aldadır. Mən onların yadına salmaq isətyirəm ki, "Hər şey qızıl deyil ki, parıldasın"

- Bəs nə üçün televiziyalarımız balacalara yerli cizgi filmləri göstərmirlər?

- İndi telekanallara sərf eləyir ki, tammetrajlı filmlər göstərsin. Həmin filmlər də tamaşacılar üçün çox maraqlı olur. Nəyə görə televiziya 2-3 dəqiqəlik cizgi filmi üçün o qədər pul xərcləsin? O pula onlar tammetrajlı film alıb tamaşaçılara göstərə bilərlər. İnsanlar başa düşməlidirlər ki, yerli kinematoqrafiyaya əvvəl animasiya, sonra isə bədii film lazımdır.

- Yerli animasiya hansı problemlərlə üzləşir?

- Təsəvvür edin ki, 30 peşəkar animatorlardan indi cəmi üçü qalıb. Əsas problem isə cavan kadrların olmamasıdır. Bu günlərdə bizə istedadlı gənclər müraciət edirlər. Lakin rəssam animatorda artistlik keyfiyyəti olmalıdır. Bir çox gənclərdə bu keyfiyyətlər var. Əsl animator olmaq istəyirsənsə, ekran vaxtını, lakonikliyi hiss etməlisən.

- Belə çıxır ki, əgər kadrlar yoxdursa, deməli yerli animasiyanın gələcəyi yoxdur?

- 2006-cı ilin sentyabrında "Azanfilm" inkişaf məsələləri ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə yeni layihələr təqdim edib. Onlar söz veriblər ki, maliyyələşdirəcəklər. Hələ ki özüm deyib, özüm eşidirəm.

- Bəs tammetrajlı filmlər hansı qiymətə başa gəlir?

- Cizgi filmləri bədii filmlər kimi böyük məbləğ tələb etmir. Cəmi yarım milyon bəsdir ki, keyfiyyətli animasiya çəkilsin. Elə şərait yaratmaq lazımdır ki, bizim animasiya məhsullarını dunya bazarlarında alsınlar. Biz mütləq elə qəhrəman tapacağıq ki, bizi dünya ekranlarında tanıtsın.

- Məlumdur ki, "Dədə-Qorqud" dastanının animasiyası çəkilib. Bəs nə üçün bu animasiya nümayiş edilmir?

- "Dədə-Qorqud" bizim klassikamızdır. Klassikanı isə səviyyəsiz rejissora tapşırmaq lazım deyildi. Mən bu animasiyanı biabırçılıq sayıram. Bu əsəri başqa cür çəkmək olardı. Axı nə qədər olsa bu, bizim tariximizdir.

Xəbər lenti

Xəbər lenti