Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Azərbaycana miqrant axınının olmasında təhlükə doğuracaq elə bir məqam yoxdur. Bu barədə Bakıda Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri, millət vəkili Rəbiyyət Aslanova bildirib.
Komissiya sədri qeyd edib ki, hər hansı bir miqrant bu və ya digər ölkəyə gəlirsə, onun haqqında beynəlxalq informasiya bankından dərhal məlumat əldə edilir: "Əgər həmin şəxslə bağlı hər hansı bir şübhəli məqam ortaya çıxırsa, o, dərhal geri qaytarılır".
Aslanova deyib ki, eyni zamanda söhbət əsasən işçi miqrantlardan gedir. Onun sözlərinə görə, bu gün Avropa ölkələrinə gələn miqrantlar bəzən həmin cəmiyyətlərə inteqrasiya oluna bilmirlər, onlar sektalar şəklində yaşayırlar. "Ancaq bununla belə, miqrantların da sayı durmadan artır və artıq Avropa ölkələri onlara siyasi hüquqlar vermək məcburiyyəti ilə üz-üzə qalıb. Avropa ölkələrinə üz tutan miqrantların əksəriyyəti ən azı 10-15 ildir orada yaşayır və təbii olaraq, bütün vətəndaş hüquqlarından istifadə etməlidirlər. Ona görə də miqrantlara xüsusi diqqətin artırılması aktual bir məsələ kimi ortaya çıxır" - deyə komissiya sədri əlavə edib.
Aslanova vurğulayıb ki, ATƏT Parlament Assambleyası miqrantların axınına nəzarət mexanizminin gücləndirilməsini, eyni zamanda onların əmək fəaliyyəti ilə təminatının və sosial müdafiəsinin yüksəldilməsini tövsiyə edib: "Bu, olduqca diqqətəlayiq bir məsələdir".
Ekspertlər hesab edirlər ki, Azərbaycana miqrant axınının qarşısını almaq üçün qanunvericilik sərtləşdirilməlidir. Milli Məclisin payız sessiyasında "Miqrasiya haqqında" qanuna yenidən baxılacağı gözlənilir.