...

Niyaməddin Musayev yeni bəstələrini təqdim edəcək

Cəmiyyət Materials 14 Avqust 2007 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / "TrendLife" , müxbir Günel Əhmədova/ "Uzun illərdir konsert vermirəm. Ümumiyyətlə, bu barədə düşünmək istəmirəm. Çünki səhnə şou-biznes nümayəndələrinin ixtiyarındadır. Onlara qoşulub bir səhnədə oxumaqdansa, kənarda olmaq daha məqsədəuyğundur" - bunları "TrendLife"a açıqlamasında xalq artisti Niyaməddin Musayev dedi. O, proseslərə bir müddət seyirci olmaq iddiasındadır:

"Düzdür, Azərbaycana şou-biznes lazımdır. Bu, müəyyən mənada Azərbaycan musiqisinin təbliğində rol oynaya bilər. Amma böyükdən-kiçiyə hamının diqqəti bu sahəyə yönəlib. Azərbaycanın xalq artistləri, "Şöhrət" ordenliləri diqqətdən kənarda qalıb. Mən heç vaxt reklam haqqında düşünməmişəm. Rəhbəri olduğum "Röya" qrupu ilə məni xalqa ifamız sevdirib. Amma dəyərlər indi dəyişib. Səhnədə reklamı olmayan ifaçının ulduzu sönür".

Buna baxmayaraq, Niyaməddin Musayevin səhnədən birdəfəlik uzaqlaşmaq niyyəti yoxdur. Müğənni retro mahnılarını yenidən yazdırıb, ortayaşlı dinləyicilərinin yaddaşını təzələmək arzusunda olduğunu söylədi. O düşünür ki, bu gün estrada səhnəsində ciddi mahnılara ehtiyac var. Eyni zamanda müğənni bir neçə yeni bəstələrini təqdim etməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti