...

"Müxalifət" qəzetinin həbsdə olan əməkdaşları barəsindəki hökm qüvvədə saxlanılıb

Cəmiyyət Materials 16 Avqust 2007 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Bakı Apellyasiya Məhkəməsi "Müxalifət" qəzetinin həbsdə olan baş redaktoru və əməkdaşı barəsindəki hökmü qüvvədə saxlayıb. Təqsirləndirilənlərin vəkili Rəşid Hacılı cümə axşamı Trend ə bildirib ki, işə baxan hakim tərkibi dəyişsə də, məhkəmə heç bir araşdırma aparmadan, tərəfləri dinləmədən qərar qəbul edib. Sədrlik edən hakim Mirpaşa Hüseynovun cinayət-prosessual qanunvericiliyin tələblərini pozduğunu vurğulayan vəkil Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini deyib.

Vəkilin sözlərinə görə, təqsirləndirilən baş redaktor Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə məhkəməyə əli qandallı gətirilmək istəmədikləri üçün prosesdə iştirak etməkdən imtina ediblər.

Bu iş Apellyasiya Məhkəməsində araşdırılsa da, Bakı Apellyasiya Məhkəməsi yeni fəaliyyətə başladığından və işə baxan hakim tərkibi dəyişdiyindən, şikayətə yeni tərkibdə yenidən baxılır.

Millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə jurnalistlər Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal rayon məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Əliyev tərəfindən himayə olunması göstərilib.

Jurnalistlər hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılırlar.

Qeyd olunan məqalədəki fikirlərlə bağlı təqsirləndirilənlər "Müxalifət" qəzetində təkzib veriblər. Onların bağışlanması və xüsusi ittiham qaydasında şikayətin geri götürülməsi xahişi ilə "müxalifətçilər"in Müdafiə Komitəsi Əliyevə müraciət ediblər.

Hazırda Azərbaycanda peşə fəaliyyəti ilə bağlı həbs olunan 7 jurnalist həbsdədir. Onların əfv olunması üçün ölkə başçısına müraciət olunub.

Xəbər lenti

Xəbər lenti