...

Ali Məhkəmə müxalif yönümlü qəzetin həbsdə olan baş redaktorunu cəzadan azad etmədi

Cəmiyyət Materials 21 Avqust 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Xocalılıları təhqir etdiyi üçün həbs olunan "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin təsisçi və baş redaktoru barəsində məhkəmə hökmü qüvvədə saxlanılıb. Ali Məhkəmədən çərşənbə axşamı Trend ə bildirilib ki, hakim Tapdıq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə Eynulla Fətullayevin Yasamal rayon məhkəməsinin hökmündən verdiyi kassasiya şikayəti təmin olunmayıb.

"Qarabağ gündəliyi" adlı məqaləsində Xocalılıları təhqir etməkdə ittiham olunan Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında iddiası əsasında Bakının Yasamal rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor məqalədə öz adından heç bir fikir vermədiyini və  dərc edilən fikirlərin onun müsahiblərinə məxsus olduğunu deyib.

Fətullayev barəsində ədalətsiz hökm çıxarıldığını iddia edir və kassasiya şikayətində ona bəraət verilməsini istəyib.

Fətullayevin vəkili İsaxan Aşurov isə bu işdən Avropa Məhkəməsinə şikayət veriləcəyini deyib.

Aprelin 6-da isə Yasamal rayon məhkəməsi Tatyana Çaladzenin xocalılıların şərəf, ləyaqət və işgüzar nüfuza xələl vurulması ilə bağlı mülki iddiası üzrə Eynulla Fətullayevin və onun sahibi olduğu qəzetlərin 20 min manat cərimə olunması barədə qətnamə çıxarıb.

Eynulla Fətullayev Bayıldakı 1 saylı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasına köçürülüb.

Mayın 16-da MTN CM-nin 214-cü maddəsi ilə (terror) cinayət işi açıb. İki gün sonra Eynulla Fətullayevin mənzilində və iş otağında axtarış aparılıb.

Baş prokuror Zakir Qaralov jurnalistlərə müsahibəsində bildirib ki, MTN-dəki cinayət işi Fətullayevin təsis etdiyi www.realazer.net  saytında guya İran İslam Respublikası tərəfindən bombalanacaq Azərbaycanın müəyyən dövlət obyektləri və konkret ünvanlar göstərildiyinə görə açılıb.

Sonradan Fətullayevə qarşı Cinayət Məcəllsinin 214.1-ci (terororçuluqla hədələmə) və 283.2.2-ci (qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb və barəsində Səbayel rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir. Sonuncu dəfə "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə 2 il 6 ay müddətinə azdlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti