Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/Bu ilin birinci yarısında jurnalistlərə qarşı qarayaxma (diffamasiya) ilə bağlı iddialar ötən ilkindən 10 dəfə çoxdur. Azərbaycan Hüquqşünaslar Forumunun (AHF) yaydığı məlumatda göstərilir ki, bu ilin ilk 6 ayında Kütləvi İnformasiya Vasitələrinə qarşı 60-dan artıq məhkəmə davası açılıb. Respublikanın müxalifyönlü qəzetləri "Gündəlik Azərbaycan", "Realnıy Azerbaydjan", "Azadlıq", "Yeni Müsavat", habelə "24 saat", "Müxalifət", "Nota bene" qəzetləri iddiaların əsas hədəfi olub. Həmçinin ölkə məhkəmələri 5 tənqidçi jurnalisti Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib, bir jurnalist islah işləri cəzası alıb. Yazıçı-jurnalist Rafiq Tağı və "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu dini ayrı-seçkilik salmaqda təqsirli sayılıb. Məhkəmə qətnamələri ilə qəzetlərin üzərinə 700 min AZM-dən artıq təzminat cəzası qoyulub.
Bu iddiaların predmeti siyasi xadimlərin, dövlətin yüksək vəzifəli şəxslərinin iş fəaliyyəti, iri korporasiyaların fəaliyyəti, dövlət işlərinin idarə olunması, ictimai və biznes sahələrində korrupsiya faktları və s. kimi ictimai maraq, önəm daşıyan mövzularla bağlı yazılar olub: "Məhkəmələr işlərə baxarkən bu yazıların ictimai önəmliliyinə, ictimai və siyasi debatlarla bağlı olub-olmamasına qiymət verməyib, əksər hallarda söz azadlığına müdaxilə qərarı çıxarıb.
AHF jurnalistlərə qarşı diffamasiya iddialarının artmasından, məhkəmələrin beynəlxalq və milli qanunvericiliyin müddəalarının düzgün tətbiq etməməsindən narahatlıq bildirir.
AHF hökuməti bu sahədəki durumun acınacaqlı olduğunu diqqətə almağa, söz azadlığının bərqərar olması üçün təhqir və böhtana görə cinayət məsuliyyətini ləğv etməyə, diffamasiyaya dair Avropa İnsan Hüquqları Məhkəməsinin standartlarının tətbiqinə yol açacaq diffamasiya qanununu qəbul etməyə, bu sahədəki məhkəmə təcrübəsini beynəlxalq təcrübəyə uyğunlaşdırmağa çağırır.
Azərbaycanda peşə fəaliyyəti ilə bağlı hazırda yeddi jurnalist həbsdədir.