...

Azərbaycanlı jurnalist ölüm aclığına başlayacaq

Cəmiyyət Materials 27 Avqust 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Bakının Nizami rayon Prokurorluğu və Polis İdarəsinin istintaq şöbəsi tərəfindən təzyiqlərlə üzləşdiyini iddia edən birinci qrup Qarabağ müharibəsi əlili, jurnalist Məğrur Bədəlsoy avqustun 29-da Prezidentin İcra Aparatı binasının qarşısında ölüm aclığına başlayacağını bildirib. Bu barədə bazar ertəsi Bakıda keçirdiyi mətbuat konfransında Bədəlsoy məlumat verib.

2007-ci ilin may ayının 28-də Bədəlsoyun oğlu Maqsud Bədərli Bakı metropoliteninin "Xalqlar dostluğu" stansiyasının qarşısında yol-nəqliyyat qəzası törədib. Bədərli idarəetdiyi maşınla yoldan keçən piyadanı vurub. Lakin piyada ciddi xəsarət almayıb və bir gün də xəstəxanada yatmayıb. Bədəlsoyun sözlərinə görə, oğlunun avtomobillə vurduğu qadın heç bir yerə şikayət etməyib. Nizami rayon Polis İdarəsinin istintaq şöbəsin baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi qaldırıb və işi rayon məhkəməsinə göndərib.

Bədəlsoy iddia edir ki, Nizami rayon Polis İdarəsinin istintaq şöbəsi baş vermiş hadisəni obyektiv araşdırmayıb və onun oğlunu həbs etmək istəyirlər. Ona görə də işin başqa rayona verilməsi ilə bağlı vəsatət qaldırıb. Lakin vəsatəti təmin olunmayıb. Yalnız işi raldıran müstəntiq Abbas Hüseynov Qəzənfər Mansurovla əvəzlənib.

"Hadisə baş verəndə oğlum haqqında həbs qətimkan tədbiri seçmək istəyirdilər. Mən də oğlumun həbsə düşməsini istəmirdim. Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində şantajla məndən 2000 min ABŞ dolları pul aldılar. İndi isə işə xitam vermək üçün əlavə 3000 ABŞ dolları tələb edirlər" - deyə Bədəlsoy bildirib.

Onun sözlərinə görə, bir necə dəfə ərizə ilə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova müraciət edib. Eyni zamanda, son üç ayda dəfələrlə baş prokurorun və daxili işlər nazirinin qəbuluna düşmək istəyib. Lakin buna nail ola bilməyib: "Bir neçə gün əvvəl baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi söz verdi ki, avqustun 27-də mənim baş prokuror Zakir Qaralovla görüşməyimə kömək edəcək. Lakin bu gün də baş prokurorun qəbuluna düşə bilmədim. Ona görə də Baş Prokurorluğun qarşısında yolun ortasına uzanıb aksiya keçirdim. Hətta, özümə xəsarət yetirmək istəyirdim. Lakin dəfələrlə "Zakir Qaralov məni qəbul et" deyə qaşqırsam da, bunun heç bir nəticəsi olmadı".

Xəbər lenti

Xəbər lenti