Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Hakimliyə imtahan vermiş 102 namizəd növbəti mərhələyə buraxılıb. Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, test üsuli ilə və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş 188 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən açıq şəkildə, 50-dən çox beynəlxalq və yerli təşkilatların müşahidəçisinin iştirakı ilə keçirilən şifahi imtahanlar yekunlaşıb.
İmtahanın nəticələri üzrə 60 və daha çox bal toplamış şəxslər növbəti mərhələdə iştirak etmək imkanı qazanıblar.
İmtahanda namizədlər üçün eyni şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə suallar hər gün bilavasitə imtahandan əvvəl həmin auditoriyada hazırlanıb və namizədlər tərəfindən sərbəst cavablandırılıb.
Suallar hüquq sahəsinə aid olmaqla, namizədlərin bilik səviyyəsinin, öz fikirlərini səlist ifadə etmək bacarıgının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünyagörüşünün müəyyən olunmasına imkan verib.