...

"Müxalifət" qəzetinin həbsdə olan baş redaktoru həkim nəzarətinə götürülüb

Cəmiyyət Materials 11 Sentyabr 2007 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ "Müxalifət" qəzetinin həbsdə olan baş redaktoru cəza çəkdiyi müəssisənin tibb-sanitar hissəsinə köçürülüb. Bu barədə çərşənbə axşamı Trend ə Rövşən Kəbirlinin vəkili Rəşid Hacılı məlumat verib.

Vəkil bildirib ki, Kəbirli həbs olunmazdan əvvəl infarkt keçirib, ürəyinin arxa divarında çat var. Hacılının sözlərinə görə, Kəbirlinin Bayıldakı 1 saylı İstintaq Təcridxanasında şəraitsiz kamerada saxlanılması onun ürək xəstəliyini daha da şiddətləndirib.

Baş redaktor hazırda müəssisəsnin tibb sanitar hissəsində həkim nəzarətində saxlanılır və müalicə olunur. Kəbirlinin saxlanma şəraitindən hələlik şikayəti yoxdur.

Vəkil bildirib ki, "Müxalifət qəzeti"nin həbs olunmuş baş redaktoru Kəbirli və əməkdaşı Yaşar Ağazadənin barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti hazırlanır. Şikayət yaxın günlərdə Ali Məhkəməyə təqdim olunacaq.

Millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə jurnalistlər Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal rayon məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Cəlal Əliyev tərəfindən himayə olunması göstərilib.

Jurnalistlər hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılırlar.

Hazırda Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 7 jurnalist həbsdədir. Onların əfv olunması üçün ölkə başçısına müraciət olunub.

Xəbər lenti

Xəbər lenti