...

Azərbaycanda Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan "Sifariş kitabı"nın təqdimatı olub

İdman Materials 13 Fevral 2012 13:56 (UTC +04:00)
Azərbaycanda Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan "Sifariş kitabı" ötən təcrübədən irəli gərərək daha mükəmməl şəkildə hazırlanıb.
Azərbaycanda Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan "Sifariş kitabı"nın təqdimatı olub

Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycanda Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan "Sifariş kitabı" ötən təcrübədən irəli gərərək daha mükəmməl şəkildə hazırlanıb. Trend-in məlumatına görə, bunu Bakı 2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva bazar ertəsi jurnalistlərə bildirib.

"Bu kitab Bakının 2016 Olimpiya Oyunlarının keçirilməsi üçün təqdim etdiyi "Sifariş kitabı" ilə müqayisədə daha peşəkar səviyyədə hazırlanıb. Beynəlxalq Olimpiya Komitəsinin Dəyərləndirmə komissiyası Bakının 2016-cı ildə namizəd kimi seçilməməsinin səbəblərini bildirib və mənfi cəhətlər nəzərə alınaraq bu kitabı daha mükəmməl səviyyədə, əvvəl qeyd olunan boşluqları dolduraraq işləyib hazırlamışıq", - Nurullayeva deyib.

Azərbaycanın Milli Olimpiya Komitəsi Bakının namizədliyini 2016-cı il Yay Olimpiya Oyunları üçün də irəli sürmüşdü. Lakin BOK 2016-cı ildə Olimpiadanın Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsini qərara alıb.

Nurullayeva bildirib ki, "Sifariş kitabı"nda Bakının Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün qurulacaq Olimpiya infrastrukturu haqqında ətraflı məlumat təqdim edilib. Təşkilat Komitəsinin icraçı direktoru qeyd edib ki, kitabda ümumilikdə Azərbaycanın beynəlxalq standartlara cavab verən mövcud idman, nəqliyyat, turizm və digər infrastruktur inmkanları təsvir edilib.

"Sifariş kitabı" fevralın 14-də İsveçrənin Lozanna şəhərində digər namizəd şəhərlərlə birgə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim olunacaq.

BOK tərəfindən məlumatlar 2 ay müddətində dəyərləndirilərək Azərbaycanın durumu ilə bağlı açıqlama veriləcək.

Azərbaycanda Bakının namizədliyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır.

2012-ci ilin aprel ayında BOK-un İcraiyyə Komitəsinin iclasında 6 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 20-25-də Kanadanın Kvebek şəhərində elan olunacaq.

BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti