...

Qənirə Paşayeva: Futbolçu qızlarımızın uğuru stereotipləri dağıda bilər

İdman Materials 7 Mart 2012 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend/

FİFA kimi mötəbər qurumun 17 yaşadək qadınlar arasında dünya çempionatının Azərbaycanda keçirilməsinə qərar verməsi özü böyük hadisədir. Bu, Azərbaycana verilən önəmdir, Azərbaycan dövlətinin futbolun inkişafına verdiyi dəstək və diqqətə verilən qiymətin nəticəsidir. Trend-in məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva AFFA-nın təsmi saytına müsahibəsində bildirib.

"Ümid edirəm ki, bu dünya çempionatı Azərbaycanda qadın futbolu inkişafına müsbət təsir göstərəcək. Eyni zamanda cəmiyyətin qadın futboluna baxışında da dəyişiklik olacaq. Bu sahəyə diqqət daha da artacaq. Mən qadın futboluna diqqətin artmasında maraqlıyam. İstəyirəm ki, qızlarımız futbola gəlsinlər və bacarıqlarını göstərsinlər", - Paşayeva deyib.

Millət vəkili inanır ki, ölkəmizdə yüksək potensiallı qızlar var. Eyni zamanda, bir çox xarici ölkələrdən Azərbaycana gələcəklər. Bu zaman ölkəmizi daha yaxından tanıyacaq və məlumat toplayacaqlar. Bu, həm də ölkəmizin təbliğidir.

"Cəmiyyətdə belə stereotiplər var ki, qız hara, futbol hara. Qızlarımızın uğuru bu stereotipləri dağıda, cəmiyyətin bu düşüncəsini dəyişə bilər. Onların məşhur futbolçu olmaq və Azərbaycanın adını ucaltmaq imkanları var. Ona görə də futbolçu qızlarımıza üzümü tutub deyirəm ki, yalnız qələbə haqqında düşünün. Üstəlik, çempionat Azərbaycanda keçirilir və azarkeş dəstəyi güclü olacaq. Komandamıza uğurlar arzulayıram", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti