...

Moskvada Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyinə dair təqdimat keçiriləcək (FOTO)

İdman Materials 11 Aprel 2012 12:47 (UTC +04:00)
Azərbaycan Moskvada 2020-ci il Olimpiya Oyunlarına Bakının namizədliyinə dair təqdimatla çıxış edəcək
Moskvada Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyinə dair təqdimat keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 11 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 14-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək Milli Olimpiya Komitələrinin Baş Assambleyasında Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyinə dair təqdimatla çıxış edəcək.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü keçirilən mətbuat konfransında Bakı 2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinə, həmçinin Baş nazirin müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın baş katibi Elxan Məmmədov daxildir.

Nurullayeva bildirib ki, Moskvada 1000 nəfər nümayəndənin iştirak edəcəyi Assambleyada Bakı-2020 ilə bağlı 10 dəqiqəlik təqdimat göstəriləcək.

O, qeyd edib ki, iddiaçı şəhərlər arasında ən çox ictimai dəstəyi də məhz Bakı əldə edib. "Keçirilən sorğu zamanı Azərbaycan əhalisinin 95%-nin Bakı-2020 layihəsini dəstəkləməsi müəyyən olunub ki, bu da digər namizəd şəhərlərdən artıq göstəricidir", - Nurullayeva deyib.

Təşkilat Komitəsinin icraçı direktoru bildirib ki, Bakı-2020 ilə bağlı ölkə ərazisində aparılan imzatoplama kampaniyasında bu günədək 494 min nəfərin imzası toplanılıb ki, bunlarında 111 mini Bakının payına düşür.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün beş şəhər iddialıdır: Bakı, Doha (Qətər), Madrid (İspaniya), İstanbul (Türkiyə) və Tokio (Yaponiya). Namizəd şəhərlərin ərizələrinin ilk təqdimatı Moskvada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti