...

London Yay Olimpiya Oyunlarında Azərbaycan 16 idman növü ilə təmsil olunacaq

İdman Materials 30 Aprel 2012 15:38 (UTC +04:00)
Azərbaycanın artıq 50 idmançısı Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.
London Yay Olimpiya Oyunlarında Azərbaycan 16 idman növü ilə təmsil olunacaq

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın artıq 50 idmançısı Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, əgər Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan 11 idman növündə 39 lisenziya, 44 idmançı ilə təmsil olunurdusa, London Yay Olimpiya Oyunlarında bu göstərici 16-dır.

Azərbaycanı Olimpiya Oyunlarında təmsil edəcək idman növləri aşağıdakılardır:

1. Boks
2. Atletika
3. Taekvondo
4. Güllə atıcılığı
5. Kanoe
6. Avarçəkmə
7. Yunan-Roma güləşi
8. Sərbəst güləş (oğlanlar, qızlar)
9. Velosiped
10. Bədii gimnastika,
11. Ağır atletika (qızlar, oğlanlar)
12. İdman gimnastikası
13. Atçılıq
14. Qılıncoynatma
15. Cüdo
16. Üzgüçülük

Ümumilikdə, Pekin Yay Olimpiya Oyunları ilə müqayisədə London Yay Olimpiya Oyunlarına Azərbaycan idmançıları 5 yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped, idman gimnastikası və qılıncoynatma idman növləri ilə qatılır.

Pekin Yay Olimpiya Oyunlarında Azərbaycanı 1 hakim (güləş - Hicran Şərifov) təmsil edirdisə, London Yay Olimpiya Oyunlarına 3 hakimimiz (Əjdər Cəfərov, Hicran Şərifov - güləş, Vahid Nəzərov - ağır atletika) yollanacaq.

Qısa müddət ərzində boks (qızlar), açıq suda üzgüçülük, güləş idman növləri, otüstü hokkey, stend atıcılığı (vald kart) və kamandan ox atma idman növlərindən də lisenziya qazanma imkanları var.

Proqramlar üzrə yeni idmançılar da yarışlara qatılacaqlar.

Taekvondo üzrə ötən Yay Olimpiya Oyunlarında Azərbaycanı Rəşad Əhmədov təmsil edirdisə, bu il gənc idmançılar Ramin Əzizov və Fəridə Əzizova da yarışlara qatılacaqlar.

Avarçəkmə idman növündə ilk dəfə olaraq iştirak etməyimizə baxmayaraq, kanoe yarışlarında Valeri Demyanenko (200 m məsafədə), Bezuqlıy Sergey və Maksim Prokopenko (1000 m məsafədə), akademik qayıqda Aleksandr Aleksandrov (2000 m məsafədə) və Mustafayeva Nataliya (2000 m) Azərbaycanın şərəfini qoruyacaqlar. Velosiped idmanında şose yarışmalarında Yelena Çalıx çıxış edəcək.

Ağır atletikada ilk dəfə olaraq qadın idmançımız Azərbaycanın şərəfini qoruyacaq.

Bununla yanaşı, ilk dəfə olaraq idman gimnastikasında Şakir Şıxəliyev böyük uğura imza ataraq Olimpiya Oyunlarına lisenziya qazana bilib.

Azərbaycanda yetişmiş idmançımız Səbinə Mikina qılıncoynatma idman növündə qalibiyyət uğrunda mübarizə aparacaq.

Ötənilki Olimpiya Oyunları ilə müqayisədə ayrı-ayrı idman növlərində də iştirakçıların sayı artıb.

Ağır atletikada 6 (ötən Olimpiada 5), güləşdə 12 (6 gözlənilir, ötən Olimpiada 16), boksda 7 (ötən Olimpiada 2), cüdo idman növündə 7 (ötən Olimpiada 6) idmançımız Azərbaycanı təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti