Azərbaycan, Bakı, 27 sentyabr /Trend/
Futbol millimizin baş məşqçisi Berti Foqts Azərbaycanda keçirilən 17 yaşına qədər (U-17) qadınlar arasında dünya çempionatının açılış mərasimi ərəfəsində Almaniyanın ən nüfuzlu idman qəzeti "Kicker"ə müsahibə verib.
Trend-in məlumatına görə, Foqts müsahibəsində 2008-ci ildən Azərbaycan millisinin baş məşqçisi kimi çalışdığı vaxtdan Azərbaycanda futbolun inkişaf etməsindən danışıb. O bildirib ki, əgər əvvəllər 16-17 yaş arasında gənclər futbola gəlirdisə, indi gənclərin artıq 12 yaşından başlayaraq futbola gəlməsi müşahidə olunur. Azərbaycanda futbolun inkişafından danışan Berti Foqts hazırda Azərbaycan klublarının tərkibində oynayan yerli idmançıların sayının artdığını bildirib. İnfrastrukturun təşkilinə gəldikdə isə Foqts hər bir klubun məşqlər üçün iki futbol meydançasının olmasının vacibliyini qeyd edib.
U-17 qadınlar arasında dünya çempionatının əhəmiyyətinə gəldikdə, baş məşqçi bu çempionatın futbola olan diqqətin artmasına gətirib çıxaracağına ümid etdiyini bildirib. O, dünya çempionatı üçün altı gözəl, kiçik stadion inşa edildiyi qeyd edilib.
2020-ci il futbol üzrə Avropa çempionatının Azərbaycan və Gürcüstanda keçirilməsi şansı az olsa da, U-17 qadınlar arasında dünya çempionatının keçirilməsinin buna kömək edəcəyini bildirib.
Foqts "Eurovision 2012" mahnı müsabiqəsinin ölkəyə bir çox müsbət dəyişikliklər gətirdiyini və bir sıra alman mətbuat orqanlarının Azərbaycan haqqında məlumat vermə tərzini düzgün saymadığını bildirib.
Müsahibəsində Berti Foqts "Eurovision" mahnı müsabiqəsi ərzində bütün təşkilati məsələlərin Almaniyada həyata keçirildiyini, bununla belə, Almaniya mətbuat orqanlarının Azərbaycanı ən çox tənqid edənlərdən olduğunu bildirib.