Azərbaycan, Bakı, 25 yanvar /Trend/
Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli qərarını və "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 17 yanvar 2013-cü il tarixli sərəncamını nəzərə alaraq, Gənclər və İdman Nazirliyi "I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər.
Təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.
Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:
- loqotipin ağ-qara həlli
- loqotipin rəngli həlli
- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə)
- loqotipin vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya)
Təqdim olunan işlər və ərizə forması 23 fevral 2013-cü il tarixə kimi elektron formada həm müsabiqənin [email protected] elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.
Müsabiqənin mükafat fondu aşağıdakı qaydada müəyyənləşdirilib:
• I yer - 5000 AZN
• II yer (laureat) - 3000 AZN
• III yer (laureat) - 2000 AZN
Müsabiqənin Əsasnaməsini, ərizə formasını və daha ətraflı məlumatı www.mys.gov.az internet saytından əldə etmək olar.