...

Azərbaycan idmançılarını medaldan 0,22 saniyə ayırdı

İdman Materials 23 İyun 2013 22:31 (UTC +04:00)
Böyük Britaniyanın paytaxtı Londondakı "Eton Dorney" Mərkəzində akademik avarçəkmə üzrə Dünya kubokunun III mərhələsinə yekun vurulub.
Azərbaycan idmançılarını medaldan 0,22 saniyə ayırdı

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Böyük Britaniyanın paytaxtı Londondakı "Eton Dorney" Mərkəzində akademik avarçəkmə üzrə Dünya kubokunun III mərhələsinə yekun vurulub. Nüfuzlu yarışda Azərbaycanın 2 dueti əsas finalda çıxış edib.

Trend Azərbaycan Milli Avarçəkmə Federasiyasına istinadən məlumat verir ki, 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov - Boris Yotov dueti finişə 6 dəqiqə 16,63 saniyəyə çataraq 4-cü yeri tutub. Halbuki yürüşün 1500 metrlik bölümünü keçərkən onlar 3-cü olublar. Lakin yekunda təmsilçilərimiz bürünc medal qazanan böyük britaniyalı Bill Lukas - Mett Lanqridc cütlüyündən cəmi 0,22 saniyə geri qalıblar. Yeni zelandiyalı Maykl Arms - Robert Menson dueti 6 dəqiqə 13,78 saniyə nəticə ilə 1-ci, almaniyalı Erik Knittel - Ştefan Krüger dueti isə 6 dəqiqə 15,05 saniyə göstərici ilə 2-ci olub.

2 nəfərsiz sükansız qayıqda yer alan Luka Dordeviç - İqor Luçiç dueti isə həlledici yürüşdə 6 dəqiqə 42,11 saniyə nəticə ilə 6-cı olub. Bu yürüşdə də 1-ci yeri zelandiyalı duet tutub. 6 dəqiqə 16,01 saniyəyə finişə çatan Erik Mürrey - Hemiş Bond cütlüyü ən yaxın izləyicisi - polşalı Voytsex Qutorski - Yaroslav Qodek duetini 15,73 saniyə qabaqlayıb. 3-cü yeri 6 dəqiqə 32,81 saniyə nəticə ilə rumıniyalı İonel Strunqaru - Florin Kuruya dueti tutub.

2 nəfərlik qoşa avarlı qayıqda yer alan daha bir duetimiz - İvan Antov - Aleksandr Kornilov cütlüyü B finalında (7-12-ci yerlər) 7 dəqiqə 6,93 saniyə nəticə ilə ümumi sıralamada 10-cu olub. 1 nəfərlik yüngül çəkili qayıqla mübarizə aparan Fərid Saadov isə C finalında (13 - 18-ci yerlər) 7 dəqiqə 47,28 saniyə nəticə göstərərək yekunda 14-cü yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti