...

Azərbaycan kanoeçiləri dünya çempionatının finalına yüksəlib

İdman Materials 31 Avqust 2013 11:55 (UTC +04:00)
Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Aleksey Kupindən ibarət duet Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatının əsas finalına yüksəlib.
Azərbaycan kanoeçiləri dünya çempionatının finalına yüksəlib

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir E.Tanrıverdiyev/

Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Aleksey Kupindən ibarət duet Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatının əsas finalına yüksəlib. Cütlük bu uğura 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə imza atıb.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə daxil olan məlumatda bildirilir ki, onlar seçmə mərhələdə 1 dəqiqə 40,932 saniyə nəticə ilə 2-ci olublar. Yarımfinalda isə duetimiz finişə 1 dəqiqə 43,858 saniyəyə çataraq, 3-cü yeri tutub. Bu nəticə təmsilçilərimizin əsas finala vəsiqəsi üçün yetərli olub. Həlledici yürüş sentyabrın 1-də Bakı vaxtı ilə saat 18:35-də keçiriləcək. Bezuqlıy - Kupin duetinin rəqibləri Gerasim Koçnev - Dilşod Yuldaşov (Özbəkistan), Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç (Belarus), Yaroslav Radon - Filip Dvoryak (Çexiya), Viktor Melantyev - İvan Ştıl (Rusiya), Liviu Alexandru Lazar Dumitresku - Viktor Mixalaki (Rumıniya), Henrik Vasbanyay - Robert Mike (Macarıstan), Robert Nuk - Ştefan Holts (Almaniya) və Mixail Yemelyanov - Timofey Yemelyanov (Qazaxıstan) cütlükləri olacaq.

500 metr məsafəyə yürüşlərə qatılan digər təmsilçilərimiz isə medallar uğrunda mübarizə şanslarını itiriblər. Mirnazim Cavadov 1 nəfərlik kayak qayığı ilə (K-1) 500 metr məsafəyə seçmə yürüşdə 4-cü yeri tutub. Finişə 1 dəqiqə 41,312 saniyəyə çatan Cavadov yarımfinala yüksəlib. Bu dəfə o, 1 dəqiqə 42,170 saniyə göstərici ilə yenə 4-cü olub və əsas finaldan kənarda qalıb.

1 nəfərlik kanoe qayığı (C-1) ilə yürüşdə Anatoli Melnik seçmə mərhələdə finişə 1 dəqiqə 53,233 saniyəyə çataraq, 4-cü yeri tutub. O, yarımfinalda 1 dəqiqə 53,178 saniyə nəticə göstərsə də, 5-ci yerlə kifayətlənib və əsas finala çıxa bilməyib.

Həm Cavadov, həm də Melnik sentyabrın 1-də B finalında (10 - 18-ci yerlər uğrunda) mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti